Los Ancelesin Biola Universitetində Azərbaycana dair mühazirə keçirilib

Los Ancelesin Biola Universitetində Azərbaycana dair mühazirə keçirilib
# 14 oktyabr 2016 08:29 (UTC +04:00)

Bakı-APA. Los Ancelesin ən qədim təhsil müəssisələrindən olan Biola Universitetində Azərbaycanın tolerantlıq və etiqadlararası harmoniya ənənələrinə dair tədbir keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, Biola Universitetinin müəllim-tələbə kollektivinin iştirak etdiyi tədbirdə, universitetin dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edərək, məruzə ilə çıxış edib.

Baş konsul N.Ağayev məruzəsində ölkəmizin tolerantlıq və multikulturalizm ənənələrinin ictimai-tarixi köklərini izah edərək, bu gün Azərbaycanda müxtəlif etiqad daşıyıcıları arasında mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib.

Baş konsul Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasəti barədə də danışıb, Ermənistanın törətdiyi cinayətlərə dair konkret faktlardan bəhs edib.

N.Ağayevin məruzəsindən sonra universitetin Mədəniyyətlərarası Tədqiqatlar fakültəsinin dekanı Bulus Qaladima və həmin fakültənin professoru Riçard L. Starçer çıxış ediblər. Natiqlər hazırda dünyanın bir çox ölkələrində qanlı toqquşmaların, xüsusilə də dini zəmində şiddətli qarşıdurmaların yaşandığı bir dövrdə Azərbaycan kimi qədim tolerantlıq ənənələri və müxtəlif etiqadlar arasında güclü birgəyaşayış təcrübəsi olan bir modelin öyrənilməsinə böyük zərurətin olduğunu diqqətə çatdırıblar.

Sonda baş konsul N.Ağayev dinləyicilərin suallarını cavablandırıb. Tədbirdə iştirak edən erməni mənşəli tələblərdən biri, hazırda Ermənistan hakimiyyətində korrupsioner bir rejimin hökm sürdüyünü qeyd edərək, bu rejimin Azərbaycan və Ermənistan arasında sülhün bərpa olunmasına əsas maneə olduğunu vurğulayıb.

Tədbirdə universitetin tələbəsi, həvəskar musiqiçi Kristina Konradın klarnetdə Azərbaycan xalq mahnısı “Sarı gəlin”i ifa edib.

Tədbirdən sonra universitetin mətbu orqanı olan “Chimes” qəzetində mühazirə ilə bağlı geniş məqalə dərc olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR