Müəllif Hüquqları Agentliyinin göstərdiyi xidmətlərin bir hissəsi ödənişli olacaq

Müəllif Hüquqları Agentliyinin göstərdiyi xidmətlərin bir hissəsi ödənişli olacaq
# 03 mart 2017 12:34 (UTC +04:00)

Müəllif Hüquqları Agentliyinin (MHA) publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi üçün hazırda hüquqi baza tam formalaşmayıb.

MHA-dan APA-ya verilən xəbərə görə, fərmanın aidiyyəti üzrə icrası ilə bağlı agentlikdə bir sıra işlər görülüb, yeni təşkilati - hüquqi formaya keçidi təmin etmək məqsədi ilə Agentliyin sədrinin rəhbərliyi altında komissiya yaradılıb. Bundan başqa agentliyin nizamnamə layihəsi ilə yanaşı, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Dövlət qulluğu haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri hazırlanıb, aidiyyəti orqanların rəy və təklifləri nəzərə alınmaqla təkmilləşdirilib və Nazirlər Kabinetinə təqdim edilib. Göstərilən qanunlara təklif olunan dəyişiklikliklərin əsas məqsədi Müəllif Hüquqları Agentliyinin publik hüquqi şəxs kimi səmərəli fəaliyyəti üçün imkanların və əsasların yaradılması ilə bağlıdır.

Müəllif Hüquqları Agentliyinin mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı kimi yerinə yetirdiyi bir sıra vəzifə və funksiyalar agentlik publik hüquqi şəxs kimi fəaliyyətə başlayandan sonra da eyni qaydada davam etdiriləcək, o cümlədən müəlliflərə və digər fiziki şəxslərə müəlliflik və əlaqəli hüquqlarının qorunması ilə bağlı xidmətlər göstəriləcək, Azərbaycan xalqına məxsus olan əqli mülkiyyət nümunələrinin – folklor (ənənəvi mədəni nümunələr), ənənəvi biliklər və digər növlərinin hüquqi qorunmasının həyata keçirilməsinin təmin edilməsi, onların mənimsənilməsinə və onlardan istifadə ilə bağlı hüquqların pozulmasına, həmçinin erməni plagiatı və saxtakarlıqlarına qarşı mübarizə tədbirləri davam etdiriləcək.

Qeyd etmək lazımdır ki, Müəllif Hüquqları Agentliyin mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı kimi fəaliyyəti bu günə kimi dövlət büdcəsi hesabına maliyyələşdirilir. Agentliyin təşkilati-hüquqi formasının dəyişməsi və publik hüquqi şəxsə çevrilməsi isə yeni hüquqi situasiya yaradır. “Publik hüquqi şəxslər haqqında” Qanuna uyğun olaraq, publik hüquqi şəxsin fəaliyyəti dövlət büdcəsindən ayrılan vəsaitlər, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər hesabına maliyyələşdirilir. Belə vəziyyətdə agentliyin göstərdiyi xidmətlərin bir hissəsi ödənişli olacaq. Belə xidmətlər agentliyin tənzimləməsi və nəzarəti nəticəsində əqli mülkiyyət hüquqlarından gəlir götürən kommersiya fəaliyyətli hüquqi şəxslərə şamil olunacaq.

Qeyd edək ki, agentlik mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı kimi hazırda da müəyyən ödənişli xidmətlər göstərir. Nəzarət markalarının verilməsi ödənişlidir, həmçinin əsərlərin və əlaqəli hüquqlar obyektlərinin, inteqral sxem topologiyalarının, məlumat toplularının qeydiyyatına görə və bu obyektlərə olan hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatına görə dövlət rüsumu ödənilir və onun müəyyən hissəsi qanunvericiliyə uyğun olaraq agentliyə verilir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR