Dərman vasitələrinin zirzəmi və yarımzirzəmilərdə yerləşdirilməsi qadağan edilib

Dərman vasitələrinin zirzəmi və yarımzirzəmilərdə yerləşdirilməsi qadağan edilib
# 26 yanvar 2018 13:15 (UTC +04:00)

Səhiyyə Nazirliyinin Kollegiyası “Dərman vasitələrinin topdansatışına dair tələblər”i təsdiq edib.

APA-nın məlumatına görə, bu tələblər yanvarın 23-dən qüvvəyə minib.

Topdansatış müəssisələri dərman vasitələrinin alınmasını, saxlanmasını və satışını həyata keçirərkən dövlət standartlarına, sanitariya, baytarlıq, yanğın əleyhinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət etməlidirlər. Topdansatış müəssisəsi dərman vasitələrinin saxlanma standartlarının tələblərini təmin edən, saxlanılan dərman vasitələrinin həcminə uyğun yerlərə, avadanlığa, inventara və topdansatış üçün lazımi şəraitə malik olmalıdır. Topdansatış müəssisəsi lisenziya ilə təmin olunmalıdır. Normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağandır. Mülkiyyət formasından asılı olmayaraq topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər bu tələblərə cavab vermədikdə qanunvericiliyə uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən onların fəaliyyətinin müvəqqəti olaraq dayandırılması (mövcud nöqsanlar aradan qaldırılana qədər) və ya tamamilə ləğv edilməsi ilə bağlı müvafiq tədbirlər görülməlidir. Topdansatış Distribüterlər onların fəaliyyətinə aid məsuliyyətlər, proseslər və riskin idarə olunması prinsiplərini təmin edən keyfiyyətin idarə olunması sisteminə malik olmalıdırlar. Bunun üçün topdansatış əczaçılıq müəssisəsində lazımi Standart Əməliyyat Prosedurları (SƏP) hazırlanmalıdır. Keyfiyyətin idarə olunması sisteminin təşkili müəssisənin rəhbərliyinin məsuliyyətidir və onların aktiv iştirakını tələb edir.

Topdansatış müəssisəsi ayrıca tikilmiş binada, istehsal təyinatlı binalarda və ya yaşayış evlərinin qeyri-yaşayış sahələrində yerləşə bilər (zirzəmi və yarımzirzəmi yerlər istisna olmaqla). Topdansatış müəssisəsinin anbarı ayrıca girişə, giriş meydançasına, malın boşaldılması üçün əraziyə, mal boşaldılarkən atmosfer yağıntılarından və yüksək hərarətdən qorunmanı təmin edən yerlərə malik olmalıdır. Anbar sahələri elektrik enerji sistemi, sanitar qovşaq, ventilyasiya sistemi, xüsusi əczaçılıq soyuducusu və ya soyuducu kamera, kondisioner sistemləri, havanın parametrlərini ölçən cihazlara (termometr, hiqrometr) malik olmalıdır. Anbar otaqlarının döşəmələri özündə toz saxlamayan və dezinfeksiyaedici vasitələrin istifadəsi ilə nəm təmizlənməyə davamlı olan örtüyə malik olmalıdır. Kənar şəxslər xidməti sahələrə (qəbul, çeşidləmə, saxlama, komplektləşdirmə, dərman vasitələrinin buraxılışı və boşaldılması üçün nəzərdə tutulmuş anbar yerinin bir hissəsi) girməməlidir. Topdansatış müəssisəsi yerinə yetirilən funksiyalara müvafiq olaraq anbar sahələrinə (dərman vasitələrinin qəbulu sahələri, dərman vasitələrinin əsas saxlanma sahələri, dərman vasitələrinin xüsusi saxlanma rejimi tələb edən sahələri, ekspedisiya sahələri), avadanlıq və inventara, dərmanların saxlanılması üçün stellajlara, altlıqlara, nazik tirlərə, termolabil dərman vasitələrinin saxlanması üçün idxal olunan dərman vasitələrinin həcminə uyğun əczaçılıq soyuducularına, xüsusi soyuducu kameralara, doldurma-boşaltma işlərinin mexanikləşdirilməsi üçün vasitələrə, havanın parametrlərinin qeydiyyatı üçün cihazlara (termometr, hiqrometr), dərman vasitələrinin hesabat sənədləşməsinin və məlumat ədəbiyyatının saxlanması üçün qapanan metal şkaflara və seyflərə, geyinmə otağında üst və xüsusi geyimlərin, ayaqqabıların saxlanması üçün şkaflara, sanitar rejiminin təmin olunması üçün dezinfeksiyaedici vasitələrə və təsərrüfat inventarlarına, inzibati-məişət yerlərinə (şəxsi heyətin və idarəetmə aparatının sayına uyğun köməkçi otaqlar, qida qəbulu yerləri, sanitar-məişət yerləri və s.), dərman vasitələrinin mənfi temperaturda saxlanması üçün dondurucu kameraya, dərman vasitələrinin (+2, +8)0 C-də daşınması üçün konteyner sisteminə, elektrik enerjisi kəsildikdə dərman vasitələrinin saxlanma rejimini təmin etmək üçün generatorlu elektrik təchizatı sisteminə malik olmalıdır. Dərman vasitələri saxlanılan anbar otaqlarının divarında qızdırıcı cihazlardan 1,5 metr və qapılardan ən azı 3 metr aralıda, ən azı üzbəüz 2 yerdə yerləşməklə, termometrlər və hiqrometrlər quraşdırılır. Bu cihazların göstəriciləri məsul şəxs tərəfindən xüsusi jurnalda hər gün qeyd edilməlidir.

Dərman vasitələrinin və tibbi təyinatlı məmulatların qorunması üçün stellajlar aşağıdakı şəkildə quraşdırılmalıdır:

- çöl divarlara qədər məsafə 0,6-0,7 metrdən az olmamalı;

-tavana qədər məsafə 0,5 metrdən az olmamalı;

- döşəmədən məsafə 0,25 metrdən az olmamalı;

- stellajlar arasında keçidlər üçün məsafə 0,75 metrdən az olmamalı.

Topdan satış müəssisəsi kompüterləşmiş sistemlərə malik olmalıdır. Məlumat sistemə yalnız səlahiyyəti olan şəxs tərəfindən daxil edilməli və ya düzəliş edilməlidir. Sistem pozulduqda və ya sıradan çıxdığı halda rezerv surətlərdən (back up sistemi, sənədin xüsusiyyətindən asılı olaraq saxlanma müddəti) istifadə olunmaqla məlumat bərpa olunmalıdır. Dərman vasitələrinin qəbulu anbarın qəbul şöbəsi tərəfindən aparılır. Boşaltma-doldurma işlərinin aparılması zamanı malların atmosfer yağıntılarından, aşağı və yüksək hərarətin təsirindən qorunması təmin olunmalıdır. Malların qəbul sahəsi onun buraxılış sahəsindən ayrılmalıdır. Zədələnmiş qablamada olan, sertifikatı olmayan, lazımi sənədləri olmayan dərman vasitələri onların identifikasiyasına və ya müvafiq surətdə ləğvinə qədər digər dərman vasitələrindən ayrı xüsusi ayrılmış (karantin) zonaya yerləşdirilməlidir. Xüsusi saxlanma şəraiti tələb olunan dərman vasitələri (məsələn, zəhərli və güclü təsirə malik maddələr, narkotik vasitələr, psixotrop maddələr, xüsusi temperatur şəraiti tələb edən dərman vasitələri) dərhal identifikasiya edilib, müəyyən olunmuş qaydada saxlanılmalıdır. Xüsusi saxlanma rejimi tələb edən dərman preparatlarının saxlanması üçün müəssisə lazımi avadanlıq və inventarla təchiz olunmalıdır.

Bütün dərman vasitələri stellajlarda və hündürlüyü 14,5 sm-dən az olmayan altlıqların üzərində yerləşdirilməlidir. Dərman vasitələri altlıqsız döşəmədə yerləşdirilməməlidir. Stellajlar korroziyaya və kimyəvi maddələrə davamlı olan xüsusi örtüklü metal konstruksiyadan hazırlanmalıdır. Dərman vasitələrinin altlıqları stellajsız bir-birinin üstündə yerləşdirilməməlidir. Boşaldılma-doldurma işləri əl üsulu ilə həyata keçirildikdə malın düzülmə hündürlüyü 1,5 m-dən çox olmamalıdır. Malın böyük tarada (yeşik, torba, 20 kq və daha çox ağırlıqda olan bağlama) saxlanılması zamanı onun daşınması üçün boşaldılmanın mexaniki vasitələri tətbiq olunmalıdır. Dərman vasitələrinin saxlanması aşağıdakı əsaslar üzrə sistemləşdirilməlidir:

-farmakoloji qruplar üzrə;

- orqanizmə yeridilmə yollarına görə;

- dərman formasına görə;

Yararlılıq müddətinin bitməsi yaxınlaşan tibbi məhsullar dərhal satış anbarından çıxarılmalıdır. Dərman vasitələri istehsalçı müəssisə tərəfindən göstərilmiş şərtlər gözlənilməklə, temperatur, rütubət və işıqlandırma rejiminə riayət olunmaqla, onların fiziki-kimyəvi xüsusiyyətləri nəzərə alınmaqla ayrılıqda saxlanılmalıdır. Bioloji fəallığa malik qida əlavələri dərman vasitələrindən ayrı, onlar üçün ayrılmış stellaj və altlıqların üzərində saxlanmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR