Niderlanda yaşayan azərbaycanlılar Ermənistan səfirliyi qarşısında aksiya keçirəcəklər

Niderlanda yaşayan azərbaycanlılar Ermənistan səfirliyi qarşısında aksiya keçirəcəklər
# 06 iyul 2017 11:12 (UTC +04:00)

Niderland Krallığında yaşayan azərbaycanlılar erməni silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması, Sahibə Quliyevanın və iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olmasına etiraz əlaməti olaraq, Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiyada “Ermənistan, təcavüzə son qoy!”, “Uşaq qatiləri cəzasız qalmasın”, “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” kimi şüarlar səsləndiriləcək.

Ermənistanın işğalçılıq və soyqırımı siyasəti, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması barədə məlumat dünya birliyinin diqqətinə çatdırılacaq. Niderland Avropalı Azərbaycanlıları Cəmiyyətinin sədri Emil Əliyev digər ölkələrdə yaşayan azərbaycanlıları da aksiyaya qoşulmağa dəvət edib. Artıq aksiyanın keçirilməsi ilə əlaqədar, icazənin alınması üçün müvafiq orqanlara müraciət olunub.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR