Beynəlxalt Tolerantlıq Günü AzMİU-da qeyd olunub

Beynəlxalt Tolerantlıq Günü AzMİU-da qeyd olunub
# 16 noyabr 2016 11:36 (UTC +04:00)

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib.

AzMİU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə AMEA-nın Füzüli adına Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Fərid Ələkbərli, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov və AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Xatirə Yusifova iştirak edib.

Tədbiri açan AzMİU-nun prorektoru, professor Arif Şərifov Beynəlxalq Tolerantlıq Gününün tarixi və mahiyyətindən danışıb. O qeyd edib ki, ölkəmizdə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi, etnik və dini tolerantlıq milli siyasətin məntiqi nəticəsidir, bu siyasət Azərbaycanın dünyada tanınmasına, milli mədəniyyətimizin təbliğinə şərait yaratmaqla yanaşı, ölkəmizin Şərq və Qərb sivilizasiyaları arasında körpü missiyasını yerinə yetirməsinə imkan verir.

AzMİU-nun elmi-tədqiqat şöbəsinin müdiri, ictimai fənlər kafedrasının dosenti Könül Əliyeva “İslam və demokratiya” mövzusunda məruzə ilə çıxış edib.

Professor F. Ələkbərli isə çıxışı zamanı Azərbaycan dövlətinin multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşdığını qeyd edib. O, dövlətimizin multikulturalizm siyasəti vasitəsilə cəmiyyətdə mövcud olan etnik-mədəni dəyərlərin qorunmasında, etnik toplumlar arasında dostluq və qardaşlıq mühitinin formalaşmasında əldə olunan nəticələri diqqətə çatdırıb.

Öz növbəsində R. İlyasov ölkəmizdə çoxmədəniyyətliliyin tarixi köklərindən və Azərbaycan ərazisində yaşayan bütün xalqların nümayəndələrinə göstərilən bərabər münasibətdən, tolerantlığın tarixindən danışıb. O bildirib ki, Azərbaycanda artıq 30-a yaxın ali təhsil müəssisəsində, xaricdə isə 20 universitetdə bu fənn tədris olunur. R. İlyasov məlumat verib ki, yaxın günlərdə “Azərbaycan multikulturalizmi" adlı dərslik işıq üzü görəcək, dərslik rus və ingilis dillərinə tərcümə ediləcək.

AzMİU-nun Ağsaqqallar Şurasının sədri, İctimai fənlər kafedrasının dosenti Bəhram Avılov ölkəmizdə fəaliyyət göstərən universitetlər arasında tələbə tərkibinə görə AzMİU-nun hər zaman beynəlmiləl ali təhsil ocağı olduğunu vurğulayıb, AMEA-nın əməkdaşı X. Yusifova isə yazıçı və şairlərimizin, eləcə də rus ədiblərinin əsərlərində müşahidə olunan multikulturalizmə aid nümunələrdən danışıb, multikultural ruhlu əsərlərdən sitatlar gətirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR