Gürcüstan İTV-nin milli azlıqlarla bağlı layihəsinə start verilib

Gürcüstan İTV-nin milli azlıqlarla bağlı layihəsinə start  verilib
# 03 may 2018 15:23 (UTC +04:00)

Tbilisidə Gürcüstan İctimai Televiziyasının (İTV) milli azlıqlara həsr olunmuş “Rəngarəng Gürcüstan” layihəsinin təqdimatı keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, İTV-nin binasında Azərbaycan və erməni dillərində onlayn radio və televiziyanın internet üzərindən canlı yayımına start verilib.

İTV-nin baş direktoru Vasil Mağlaperidze bildirib ki, layihənin əsas məqsədi Gürcüstanda yaşayan və dövlət dilini yaxşı bilməyən vətəndaşları onların öz dillərində məlumatladırmaq və maarifləndirməkdir: “Bu layihə Gürcüstanın azərbaycanlı və erməni vətəndaşlarının inteqrasiyasına da dəstək verəcək və müxtəlif mədəniyyətlərin dialoquna imkan yaradacaq”.

Baş direktor qeyd edib ki, layihəyə 20-yə yaxın gənc cəlb olunub: “Gənclərin bu layihəyə hazırlanması məqsədilə treninqlər təşkil olunub. Bir neçə gün ərzində televiziyanın rəsmi www.1tv.ge internet səhifəsində 6 saat, daha sonra 12 saat və gələcəkdə isə 24 saat yayım olacaq. Yayımlanacaq verilişlər əsasən maarifləndirici və əyləncəli istiqamətlərdə olacaq”.


Təqdimat mərasimində bildirilib ki, layihə çərçivəsində Azərbaycan və erməni dillərində xəbərlər proqramı, Gürcüstanda yaşayan etnik azlıqlar barədə onların öz dillərində sənədli materiallar da təqdim olunacaq.


Tədbirdə televiziya kanalının rəhbərliyi və əməkdaşları, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR