Belqradda AXC-nin 100 illik yubileyi ilə əlaqədar rəsmi qəbul təşkil edilib

Belqradda AXC-nin 100 illik yubileyi ilə əlaqədar rəsmi qəbul təşkil edilib
# 29 may 2018 03:37 (UTC +04:00)

Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən 28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Belqrad şəhərindəki “Hyatt Regency” mehmanxanasında rəsmi qəbul keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, mərasimdə Serbiya parlamentinin sədri Maya Qoykoviç, prezidentin kabinetinin rəhbəri İvitsa Koyiç, Serbiya Respublikasının baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihayloviç, Serbiya Respublikası baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri, Rasim Lyayiç, Əmək, məşğulluq, veteran və sosial siyasət naziri Zoran Corceviç, dövlət və hökumət rəsmiləri, parlamentin nümayəndələri, görkəmli ziyalılar, ölkə ictimaiyyətinin tanınmış simaları, diplomatik korpusun və beynəlxalq təşkilatlar və KİV təmsilçiləri, bu ölkədə yaşayan, təhsil alan və fəaliyyət göstərən soydaşlarımız iştirak ediblər. Tədbirin əvvəlində Belqrad Uşaq Mədəniyyəti Mərkəzi xorunun canlı ifasında Azərbaycanın və Serbiyanın dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən ölkəmizin Serbiyadkı səfiri Eldar Həsənov 28 Mayın Azərbaycanın dövlətçilik tarixində ən parlaq və unudulmaz günlərdən biri olduğunu qeyd edərək, 100 il bundan əvvəl, 28 may 1918-ci ildə tarixi “İstiqlal bəyannamə”sinin qəbul edilməsi ilə Şərqdə, bütün müsəlman dünyasında, tarixdə qurucu ictimai-siyasi xadimlər kimi dərin bir iz buraxmış Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli, Əli Mərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev və digərlərinin də təmsil olunduğu ilk parlament tipli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığından bəhs edib.

1920-ci il aprelin 28-də Bolşeviklərin XI qızıl ordusunun Azərbaycanı işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımızın 70 il yalnız xalqımızın ürəyində yaşadığını vurğulayan səfir, hələ Sovet dövründə bu bayrağın ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qaldırıldığını söyləyib. Cümhuriyyətin qısa müddət mövcud olmasına baxmayaraq, dövlət quruluşunda demokratik dəyərlərin təsbit edildiyini və həyata keçirildiyini vurğulayan səfir, müasir dövlətçiliyimizin və müstəqilliyimizin bu gün möhkəm olmasında, 100 il bundan öncə əsası qoyulmuş sağlam təməlin mühüm rolunu qeyd edib.

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasına dair “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”na görə bugünkü müstəqil Azərbaycan dövlətinin 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi olduğu, müasir Azərbaycan Respublikasının müxtəlif mədəniyyətlərin qovuşduğu çox konfessiyalı və çoxmillətli bir ölkə olduğu vurğulanıb. Səfir Azərbaycan xalqının ümummilli lideri, böyük siyasi təcrübəyə malik görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqilliyimizin bərpasının ilk illərində ölkədə o zamanlar hökm sürən ağır vəziyyəti düzgün qiymətləndirərək dövlətçiliyimizi təhlükələrdən xilas etdiyini, Azərbaycan cəmiyyətini və xalqını səfərbər edərək, unitar, hüquqi, demokratik, dünyəvi və müstəqil Azərbaycan dövlətinin inkişafına və möhkəmləndirilməsinə nail olduğunu bildirib. O, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi strategiyanın bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu gün respublikamızın dinc və sabit, davamlı inkişaf edən, islahatlar həyata keçirən bir ölkə olduğunu söyləyib.

Səfir ölkəmizin əldə etdiyi iqtisadi uğurlar və əlverişli coğrafi mövqeyinin ona iri enerji və regional nəqliyyat-infrastruktur layihələrinin təşəbbüskarı və iştirakçısı olmaq imkanı verdiyini vurğulayaraq, bu günlərdə istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələri, Şimal-Cənub və Şərq Qərb nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələrinin, yalnız layihələrdə iştirak edəcək ölkələrin deyil, eləcə də Avropanın, Asiyanın regionlarının inkişafına müsbət töhfə verəcəyini söyləyib.

Azərbaycanın bu gün beynəlxalq aləmdə özünəməxsus milli etnik, ictimai-siyasi mühiti baxımından seçildiyi, ölkəmizin dünyada mədəniyyətlər və dinlərarası dialoq və harmoniyaya ən bariz nümunə olduğu qeyd edilib. Azərbaycanda bu istiqamətdə ardıcıl olaraq keçirilən beynəlxalq səviyyəli mədəniyyət tədbirləri, aparılan müzakirələr, çıxarılan nəticələrin qlobal və regional miqyasda yeni inkişafa təkan verəcək ideyaların daha da genişlənməsinə böyük töhfə olduğunu söyləyən natiq, Azərbaycanın - XXI əsrin mühüm çağırışlarından olan multikulturalizmin dünyadakı əsas mərkəzlərindən biri olduğunu vurğuladı. O, multikulturalizm və tolerantlığın tariximizə söykənən mövcudluğunun Azərbaycanın müasir dövrdəki hərtərəfli və sürətli inkişafına təkan verdiyini, gələcək inkişaf yolunda böyük rol oynadığını qeyd edib.

Ölkəmiz qarşısında həllini tapmalı olan ən əsas və ağrılı problem tarixi Azərbaycan torpaqlarının – Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğal olunmasına diqqət yetirən səfir, XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan xalqı və dövlətinin öz tarixi torpaqlarını işğalçıdan azad etməyə səfərbər olduğuna, Cümhuriyyətin 100 illiyini qeyd edən güclü Azərbaycan dövlətinin, 1918-1920-ci illərdə nümayiş olunmuş qəhrəmanlıq ənənəsinə sadiq qalaraq öz ərazi bütövlüyünü bərqərar edəcəyinə əminliyini ifadə edib.

Səfir müasir Azərbaycanın bütün dünya ölkələri ilə qarşılıqlı hörmətə, etimada söykənən mehriban və dostluq münasibətləri qurmağa böyük önəm verdiyini, son illərdə Azərbaycan və Serbiya arasında təşəkkül tapmış hərtərəfli əlaqələrin buna bariz bir nümunə olduğunu söyləyib.

O, Azərbaycan-Serbiya münasibətlərini dinamik şəkildə, yüksələn xətlə inkişaf edərək, qısa müddət ərzində, yeni müstəviyə – strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayaraq, Azərbaycan-Serbiya əlaqələrinin bu yüksək səviyyəyə çatmasında iki dövlət başçısının müstəsna rolunu qeyd edib. Bu günlərdə Serbiya Respublikasının prezidenti Aleksandar Vuçiçin böyük heyətlə Azərbaycan Respublikasına səfər etdiyinə diqqət yetirən səfir, səfər zamanı imzalanmış müxtəlif sahələri əhatə edən iki tərəfli sənədlərin, aparılan müzakirələrin ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinə böyük töhvə verəcəyinə əmin olduğunu söyləyib.

Qəbul zamanı Azərbaycan Xalq Cümhuriyyətinin tarixini əks etdirən fotosərgi də nümayiş etdirilib. Həmçinin Azərbaycan mədəniyyətini, tarixi abidələrini, milli mətbəxini, Bakı şəhərinin və regionların bugünkü mənzərələrini əks etdirən videogörüntülər təqdim edilib. Daha sonra Azərbaycandan gəlmiş musiqiçilər – müğənnilər Arzu Verdiyeva, Bəturə Hüseynova, rəqqasə Səbinə İsmayılova, instrumental ifaçılar Əliyev Sənan, Yusifov Anar, Məlikov Azər və Serbiya Simfonik orkestrinin solisti Yasmina Trumbetaş konsert proqramı ilə çıxış ediblər. Tədbirin rəsmi hissəsindən sonra ziyafət verilib. Tədbir KİV-də geniş işıqlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR