Azərbaycan məhsulları beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq

Azərbaycan məhsulları beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq
# 02 fevral 2018 13:28 (UTC +04:00)

Fevralın 5-dən 9-dək Rusiya paytaxtı Moskvada "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisi keçiriləcək.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hər il təqribən 60 min ziyarətçinin qatıldığı sərgidə bu il 65 ölkədən 2000-dən çox şirkətin məhsullarının nümayiş olunacağı gözlənilir.

Sərgidə Azərbaycan məhsulları "Made in Azerbaijan" vahid ölkə stendi ilə təmsil olunacaq. Belə ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərginin Azərbaycana aid pavillionunda meyvə şirələri, müxtəlif növ şərablar və təbii mineral sular, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsullar nümayiş etdiriləcək. Ümumilikdə, Azərbaycan "Prodexpo" Sərgisində 25-dən çox şirkətlə təmsil olunacaq.

Bundan başqa, sərgidə Azərbaycanın tarixi və mədəni dəyərlərinin təbliğinə dair videoçarx nümayiş olunacaq.

Qeyd edək ki, Azərbaycan prezidentinin 5 oktyabr 2016-cı il tarixli "Made in Azerbaijan" brendinin xarici bazarlarda təbliğinə dair Fərmanına uyğun olaraq, "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR