Bakı Mühəndislik Universitetində iqtisadi islahatlar müzakirə olunub

Bakı Mühəndislik Universitetində iqtisadi islahatlar müzakirə olunub
# 29 noyabr 2017 12:20 (UTC +04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının (İİTKM) Bakı Mühəndislik Universitetində (BMU) "Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər" mövzusunda ictimai mühazirəsi dinlənilib.


Mərkəzdən "APA-Economics"ə verilən məlumata görə, BMU-nun rektoru, professor Havar Məmmədov müzakirənin iştirakçılarını salamlayaraq universitetdə aparılan işlər və bu təhsil ocağının islahat prosesinə verdiyi töhfələr barədə qısa məlumat verib.

Rektor qeyd edib ki, əsası Heydər Əliyev tərəfindən qoyulan ölkənin iqtisadi siyasəti bu gün prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

İqtisadiyyatın inkişafı üçün fasiləsiz və uğurlu islahatlar həyata keçirilir.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı ictimai mühazirəsində iqtisadi islahatların əsas istiqamətləri barədə danışaraq, xüsusilə, strateji yol xəritələrinə uyğun olaraq insan kapitalının inkişafının əhəmiyyətini vurğulayıb: "Azərbaycanda iqtisadiyyatın transformasiyası istiqamətində həyata keçiriləcək islahatların ayrılmaz tərkib hissəsi kimi, insan kapitalının inkişafında fasiləsizliyin təmin edilməsi, əmək məhsuldarlığının yüksəldilməsi və biliyin iqtisadi inkişafda rolunun artırılması ilə bağlı tədbirlər hərtərəfli dəstəklənir. Bu, iki səviyyədə təmin ediləcəkdir: 1) insan kapitalının formalaşması və inkişafı üçün təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi; 2) əmək məhsuldarlığının yüksəldilməsini təmin etmək üçün insan kapitalının fasiləsiz inkişafının, araşdırma və təkmilləşdirmə sahəsinə investisiya qoyuluşunun stimullaşdırılması".

Mühazirənin dinlənilməsindən sonra auditoriyanın sualları cavablandırılıb. V.Qasımlı müəllim və tələbələrin diqqətini və müzakirədə aktiv iştirakını yüksək qiymətləndirib.

Xatırladaq ki, İİTKM-in Azərbaycanın aparıcı universitetlərində belə silsilə görüşlərin təşkil etməsində məqsəd, iqtisadi islahatlarla bağlı maarifləndirmə işlərini həyata keçirmək, professor-müəllim və tələbələrin islahatlarla bağlı daha dolğun məlumatlandırmaq və onların bu proseslə bağlı fikirlərini öyrənməkdən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR