Bakıda doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransı keçirilir

Bakıda doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransı keçirilir
# 24 oktyabr 2017 12:36 (UTC +04:00)

Bu gündən Bakı Dövlət Universitetində (BDU) doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransı keçirilir.

APA-nın xəbərinə görə, konfransın açılışında çıxış edən təhsil naziri Mikayıl Cabbarov gənclərin tədqiqat işlərinə marağının və bu sahədə fəallığın artırılması istiqamətində görülən işlərdən danışıb. Onun sözlərinə görə, elmi konfransın materiallarının Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər siyahısına daxil edilməsi mühüm əhəmiyyət daşıyır. Nazir yüksək səviyyəli mütəxəssis hazırlığının beynəlxalq standartlara və dövrün tələblərinə uyğunlaşdırılmasının zəruriliyini vurğulayıb, bununla bağlı ölkənin ali məktəblərində elmi potensialın mövcudluğunu qeyd edib.

BDU-nun rektoru Abel Məhərrəmov isə deyib ki, bu gün Azərbaycan elmi vahid müstəviyə gəlib: “Bu sahənin inkişaf etdirilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyası ilə əlaqələr yaxşılaşıb. Ali məktəbin bakalavr pilləsində təhsil alan əksər tələbələr (yaxşı oxuyanlar) II kursdan elmi-tədqiqat işinə cəlb olunurlar. Bu da onların elmi potensialının hələ bakalavriat dövründən yüksəlməsinə xidmət edir”.

Tədbirin davamında çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, gənc tədqiqatçı və doktorantlar məruzələrlə çıxış edərək fikirlərini bölüşüblər.

Qeyd edək ki, 2 gün davam edəcək doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransına 18 ali təhsil müəssisəsindən və AMEA-dan 400-ə yaxın tezis təqdim olunub. Məruzələrin dinlənilməsi üçün alimlərin rəhbərliyi ilə 14 bölmə yaradılıb. Konfransın materialları BDU tərəfindən nəşr olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR