Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq yarışı keçirilib

Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq yarışı keçirilib
# 12 aprel 2017 17:22 (UTC +04:00)

Bu gün Qusar Olimpiya Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq üzrə peşəkarlar arasında idman yarışı keçirilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO), Kikboksinq Federasiyası və “Judo Club 2012” idman klubunun birgə təşkil etdiyi turnirdə 7 çəki üzrə 14 idmançı mübarizə aparıb.

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti, millət vəkili Adil Əliyev Ç. Qurbanovun xatirəsinə kikboksinq yarışının təşkil olunmasının təsadüfi olmadığı bildirib. Onun sözlərinə görə, Ç. Qurbanov özü də bu idman növü ilə məşğul olub.

İlk döyüşdən əvvəl Milli Qəhrəmanın atası Salman Qurbanova Ç. Qurbanovun idman ustası vəsiqəsi təqdim olunub. Bir sıra məşqçi və idmançılar, eləcə də qazilər fəxri fərman və diplomlarla təltif olunub.

Yeniyetmə kikboksçular Elmir Pirverdi və Hüseyn Hacıyev arasında keçirilən ilk döyüş “sülh”lə bitib. Sonra 57 kiloqram çəkidə Elşad Ələsgərov və Qiyas Şahmərdanov rinqə çıxıblar. E.Ələsgrov döyüşün qalibi elan olunub. 64 kiloqramda isə Ruslan Əliyevi məğlub edən Elşən Qəniyev yarışın qalibi adını qazanıb. Arzuman Qədimovla (67 kq) Turan Qafarov arasındakı gərgin qarşılaşmada isə ikinci qalib olub.

71 kiloqram çəkidə Rəhim Əliyev rəqibi Cavidan Rəcəblini məğlub edib. Alişan Aslanlı (81 kq) isə Gülhüseyn Ağazadə ilə mübarizədə qələbəni qeyd edib. 75 kiloqram çəkidə Altay Atakişiyev, 91 kiloqram çəkidə isə Bəhram Rəcabzadə rəqibindən üstün olub. Turnirin qaliblərinə müvafiq diplom və pul mükafatı təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Bu il fevralın 7-də prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə sərəncam imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR