MSK prezident seçkilərinin nəticələrinə dair yekun protokolu təsdiqləyərək Konstitusiya Məhkəməsinə göndərib

MSK prezident seçkilərinin nəticələrinə dair yekun protokolu təsdiqləyərək Konstitusiya Məhkəməsinə göndərib
# 15 aprel 2018 10:26 (UTC +04:00)

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Seçki Məcəlləsinin tələblərinə əsasən aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokol tərtib edilib.

APA-nın məlumatına görə, MSK səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkilərinə yekun vurmalı və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Protokol MSK üzvləri tərəfindən imzalanıb. MSK səsvermənin ümumi yekunlarına dair protokolun seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.

MSK sədri Məzahir Pənahov deyib ki, MSK prezident seçkiləri ilə əlaqədar seçkinin nəticələrinə ciddi təsir edən pozuntular aşkarlamayıb, seçkinin ilkin nəticələrinə əsasən müəyyənləşən lider namizədin statusunu dəyişdirəcək qərarlar verilməyib.

Beləliklə, MSK-nın yekun protokoluna əsasən İlham Əliyev 86,02 faiz səslə prezident seçkilərinin qalibidir.

Araz Əlizadə 1,38 faiz, Hafiz Hacıyev 1,52 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Fərəc Quliyev 1,17 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Razi Nurullayev 0, 74 faiz və Zahid Oruc 3,12 faiz səs toplayıb.

MSK-nın yekun protokolunda qeyd edilib ki, səsvermədə seçicilərin 74,30 faizi iştirak edib. 3 milyon 946 min 439 səs etibarlı, 12 min 413 səs etibarsız sayılıb.

Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını səsvermə günündən sonra 14 gün ərzində rəsmən təsdiq etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR