YAP Gənclər Birliyi “Cocuq Mərcanlıdan Şuşaya” inşaat dəstəsi yaradıb

YAP Gənclər Birliyi “Cocuq Mərcanlıdan Şuşaya” inşaat dəstəsi yaradıb
# 01 mart 2017 08:39 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyi tərəfindən "Cocuq Mərcanlıdan Şuşaya" adlı gənclərin inşaat dəstəsinin fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, keçən ilin aprel ayında Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu böyük qələbə əldə edib, torpaqların bir hissəsi işğaldan azad edilib. O bildirib ki, bu günlərdə YAP Nəsimi rayon Gənclər Birliyinin bir qrup fəal üzvü müraciət edərək işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasında iştirak etmək üçün könüllü inşaat-tikinti dəstələri yaratmaq istədiklərini söyləyiblər. Bu təşəbbüs və müraciətlər YAP Gənclər Birliyi və YAP Nəsimi rayon təşkilatı tərəfindən birgə müzakirə edilib və yüksək qiymətləndirilib. Bu günədək YAP Gənclər Birliyinin müxtəlif rayon təşkilatlarından olmaqla, mindən çox gənc partiya fəalı təşəbbüsə qoşulub.

S. Orucov qeyd edib ki, YAP gənclərinin inşaat dəstəsinin Cocuq Mərcanlı kəndində bərpa işləri bitənədək görəcəyi işlərin planı müzakirə olunub və kəndin bərpasına cavabdeh qurumların rəhbərliyinə göndərilib: "Birinci dəstəmiz mart ayında Cocuq Mərcanlıya səfər edəcək. Sonrakı mərhələdə gənclər yaşıllaşdırma tədbirlərinə də qatılacaq. Rayon təşkilatımızın Cocuq Mərcanlıda yığıncaqları da təşkil olunacaq. Gələcəkdə digər torpaqlarımız azad ediləndə gənclərimiz quruculuq işlərində fəal iştirak edəcək".

Millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bu gün Azərbaycanda çox vətənpərvər və cəsur gənclik formalaşdığını vurğulayıb: “Aprel döyüşləri göstərdi ki, gənclərimiz hər an Ali Baş Komandanın əmrini gözləyir. Prezident İlham Əliyevin Cocuq Mərcanlının bərpası barədə sərəncamından sonra YAP Nəsimi rayon Gənclər Birliyinin bir qrup fəal üzvü təşkilat rəhbərliyinə müraciət edərək bərpa işlərində iştirak etmək istədiklərini bildiriblər. Bunun özü torpaqlarımızın işğaldan azad edilməsinin nə qədər yaxın olduğunu göstərir. İnşallah, ən yaxın vaxtlarda bərpa işləri Şuşada, Ağdamda, Füzulidə, Qubadlıda başlanacaq".

Tədbir çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR