İşsizlikdən sığorta haqqında qaydaların pozulması ilə əlaqədar cəzalar sərtləşdirilir

İşsizlikdən sığorta haqqında qaydaların pozulması ilə əlaqədar cəzalar sərtləşdirilir
# 29 mart 2018 09:43 (UTC +04:00)

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında İnzibati Xətalar və Cinayət Məcəllələrinə dəyişikliklər müzakirə olunub.

APA-nın xəbərinə görə, layihə barədə məlumat verən komitə sədri Hadi Rəcəbli bildirib ki, işsizlikdən sığorta haqqında qaydaların pozulması ilə əlaqədar sərtləşdirmələr nəzərdə tutulur.

Cinayət Məcəlləsinin 213-cü (Vergi ödəməkdən yayınma) maddəsinə təklif olunan dəyişikliyə əsasən maddənin adı dəyişdirilərək belə verilir: “Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma”.

Maddənin 1-ci bəndinə isə “işsizlikdən sığorta” sözü əlavə edilir. İnzibati Xətalar Məcəlləsində bununla bağlı cəza mexanizminin tətbiqi təklif olunur.

Məcəlləyə yeni 477-1-ci maddəsi əlavə edilir:

- Sığorta edən tərəfindən işsizlikdən sığorta haqqında qanunvericiliyin pozulması, yəni:

- İşçilərin işsizlikdən sığorta etdirilməməsinə,

- “İşsizlikdən sığorta haqqında” qanunla müəyyən edilən qaydada, məbləğdə və vaxtda sığorta haqqının sığortaçıya ödənilməməsinə,

- Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq, işçiyə xəbərdarlıq edildiyi gündən 5 gün müddətində həmin işçinin peşəsi, ixtisası və əməkhaqqı barədə sığortaçıya rəsmi məlumat verilməməsinə,

- Sığorta haqqının hesablanmasına və ödənilməsinə, sığorta ödənişinin təyin edilməsinə əsas olan məlumatları sığortaçıya təqdim edilməməsinə,

- Mülki Məcəllə ilə müəyyən edilən hallarda özünün yenidən təşkil olunması və ya ləğv edilməsi barədə sığortaçıya məlumat verilməməsinə,

- Sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunun düzgün aparılmamasına və bu barədə sığortaçıya və hesabatın təqdim edilməməsinə, sığorta ödənişi üçün əsas olan sənədlərin və məlumatların qorunub saxlanılmasının təmin edilməməsinə görə

fiziki şəxslər 100 manat məbləğdə, vəzifəli şəxslər 200 manat məbləğdə, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Sığortaolunan tərəfindən sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan “İşsizlikdən sığorta haqqında” qanunla müəyyən olunan hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verilməməsinə görə inzibati xəta nəticəsində vurulan ziyanın bir misli miqdarında cərimə təyin edilir.

Layihələr plenar iclasa tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR