Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənilməsi çərçivəsində "Azəri Mərkəzi Şərqi" (ACE) layihəsi üzrə sualtı qurğular və birləşdirici dirsəklərin quraşdırılması ilə bağlı mühəndis-layihə işləri cari ilin ikinci rübündə başa çatıb.
"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin I yarısının yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hesabat dövründə platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində irəliləməklə davam edib.
Bu işlər sırasında qazma avadanlığı modulu üzərində qazma sahəsi göyərtəsinin quraşdırılması, mexaniki avadanlıq dəstlərinin quraşdırılması, boru xətlərinin quraşdırılması, dikəldilməsi və kabellərin çəkilməsidir.
“Üst modulların sürüşdürülərək yüklənməsi üçün relslərin hazırlanmasına başlanılıb. Yaşayış modulları Bakıya çatdırılıb, quraşdırma sahəsində boşaldılıb və ilk üç modul artıq öz mövqeyinə qaldırılıb”, - hesabatda qeyd edilir.
Məlumata görə, ilin ikinci rübü ərzində dənizdə aparılan bir sıra quraşdırma işləri də irəliləyib. Bunlara Şərqi Azəri platformasında ACE platformasının Azəri yatağındakı digər obyektlərdən elektrik enerjisi alması ilə enerji istehsalının optimallaşdırılmasına imkan verəcək işlər daxildir.
Səngəçal terminalında yerləşəcək ACE nəzarət otağının layihələndirilməsi tamamlanmışdır və bununla bağlı planlaşdırılmış modifikasiya işləri bu ilin dördüncü rübündə başlanacaq.
Ümumilikdə, 2023-cü ildə ACE layihəsindən ilk hasilatı əldə etmək üçün həyata keçirilən mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri qrafikə uyğun davam edir.
Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-cü ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.