Fərdi uçot sistemində qeydiyyatda olanların sayı açıqlanıb

Fərdi uçot sistemində qeydiyyatda olanların sayı açıqlanıb
# 23 yanvar 2018 12:28 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində ötən il əlavə olaraq 193 188 nəfər vətəndaşa uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılıb ki, bu da 2016-cı illə müqayisədə 1 434 nəfər çoxdur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə hər bir sığortaolunanın fondda uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilərək, onlara təqdim edilib.

Beləliklə, 2018-ci ilin 1 yanvar tarixinə fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 mln. 566 min 745 nəfərə çatıb.

Qeyd edək ki, vətəndaş fərdi şəxsi hesaba malik olmaqla gələcək sosial müdafiə, o cümlədən pensiya təminatı hüquqlarının formalaşdırılması üçün bu hesabda vəsait toplamaq imkanı əldə edir. Şəxsə gələcəkdə təyin olunacaq pensiyanın məbləği də onun öz fərdi şəxsi hesabına nə qədər sosial sığorta haqqı ödəməsindən birbaşa asılı olur. Xüsusilə də ötən il aparılmış köklü islahatlar çərçivəsində vətəndaşlara fərdi hesablarına daha çox vəsait toplaya və ya hesablarında olan vəsaiti fərdi qaydada artıra bilmələri üçün əlavə imkanlar yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti isə sığortaolunanlara fərdi şəxsi hesabında toplanan pensiya kapitalı barədə mütəmadi şəkildə məlumat öyrənməyə imkan verir.

Qeyd edək ki, sığortaolunan üçün açılan fərdi şəxsi hesab sistemdə onun bütün ömrü boyu, ölümündən sonra isə əmək pensiyası işlərinin saxlanılması qaydasında nəzərdə tutulmuş müddət ərzində mühafizə olunub saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR