Lalə Şövkət “Ölkə” qəzetini bağışlayıb

Lalə Şövkət “Ölkə” qəzetini bağışlayıb
# 03 fevral 2011 13:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət onun iddiası əsasında məhkəmənin “Ölkə” qəzetinə qarşı maddi təzminatla bağlı çıxardığı qərardan imtina edərək, qəzeti bağışlayıb. Bu barədə APA-ya ALP-nin mətbuat xidmətindən bildirilib. Məlumata görə, “Ölkə” qəzetinin 11 fevral 2010-cu il tarixli buraxılışında Lalə Şövkətə qarşı “Madam” ləqəbli “KQB” agenti” adlı böhtan xarakterli məqalə dərc edilib. Bu yazı Lalə Şövkətin “Ölkə” qəzetini məhkəməyə verməsinə səbəb olub. Yasamal Rayon Məhkəməsi 13 sentyabr 2010-cu il tarixli qətnaməsində “Ölkə” qəzetinin təkzib verməsi və Lalə Şövkətə dəymiş mənəvi zərərin əvəzi olaraq 4 min manat məbləğində təzminat ödəməsi haqqında qərar çıxarıb. Lalə Şövkət həmin məbləğin Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək əlilləri üçün Pansionatın hesabına köçürülməsini istəyib. Lakin, “Ölkə” qəzeti 3 fevral 2011-ci il tarixli sayında “Lalə Şövkətdən üzr istəyirik” başlıqlı yazı dərc edərək, məqalədə qeyd olunanların böhtan olduğunu və göstərilən informasiyanın həqiqətə uyğun olmadığını etiraf edib. Bu səbəbdən Lalə Şövkət məhkəmənin maddi təzminatla bağlı qərarından imtina edərək, qəzeti bağışlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR