Dövlət Komitəsi: Hazırda şagirdlərin məktəbdən yayınması ilə bağlı gərginlik yoxdur

Dövlət Komitəsi: Hazırda şagirdlərin məktəbdən yayınması ilə bağlı gərginlik yoxdur
# 02 dekabr 2013 11:27 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. “Şagirdlərin məktəbdən yayınma hallarının səbəbləri müxtəlifdir”. Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Uşaq Problemləri şöbəsinin müdir müavini Pərviz Əliyev deyib. P. Əliyev bildirib ki, dərsdən yayınma halları şəhər və rayon yerlərində fərqli-fərqli səbəblərdən baş verir: “Təhsildən yayınmaya valideynlərin məsuliyyətsiz olması daha çox rəvac verir. Belə ki, valideyn uşağı məktəbə yola saldıqdan sonra onun çatıb-çatmaması ilə maraqlanmalı, vaxtaşırı məktəbə gedib müəllimlərlə ünsiyyətdə olmalıdır. Belə olmadıqda uşaq hiss edir ki, nəzarət zəifdir o halda bundan uşaq istifadə etməyə başlayır və təhsildən yayınma halları olur. Problemin aradan qaldırılması üçün valideynlərlə maarifləndirmə işləri aparmaq lazımdır”.

P. Əliyev qeyd edib ki, şagirdlərin təhsildən yayınmasında təbii ki, məktəbin də rolunu qeyd etmək lazımdır: “Çünki valideyn-müəllim münasibəti qarşılıqlı olmalıdır və onlar müntəzəm əlaqə saxlamalıdırlar. Biz bu problemlərlə bağlı apardığımız araşdırmalarda gördük ki, hətta sinif rəhbərləri uşaq həftələrlə dərsə getmədiyi halda, bunu valideynə bildirmirlər. Son zamanlar Təhsil Nazirliyi bununla ciddi məşğul olur. Valideyn-müəllim münasibətlərinin düzgün qurulması ilə bağlı olan boşluqlar aradan götürülür”.

Azərbaycanda mütəmadi dərsdən yayınma hallarının olmadığını bildirən P. Əliyev onu da əlavə edib ki, belə hallar olduqda problemin aşkarlanması üçün yerli icra hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi araşdırma aparır: “Hazırda şagirdlərin məktəbdən yayınması ilə bağlı gərginlik yoxdur”.

Dərsdən yayınma hallarının daha çox yuxarı siniflərdə rast gəlindiyini söyləyən P. Əliyev ibtidai siniflərdə belə problemlərin olmadığını deyib.

P. Əliyev bildirib ki, sözügedən problemlə bağlı, reydləri Təhsil Nazirliyi aparsa da, Komitə uşaq siyasətini həyata keçirən orqan olduğu üçün vaxtaşırı bu cür araşdırmalar aparır: “Uşaqlarla bağlı vəziyyətin nə yerdə olması ilə bağlı biz mütəmadi araşdırmalar aparmalıyıq. Araşdırma bitdikdən sonra biz aidiyyatlı qurumlara nəticəni təqdim edirik və müəyyən tədbirlər görülür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR