Moskva şəhər prokurorluğu: Orxan Zeynalovun həbs olunarkən zorakılığa məruz qalması ilə bağlı iddialar cinayət işi açmağa yetərli deyil

Moskva şəhər prokurorluğu: Orxan Zeynalovun həbs olunarkən zorakılığa məruz qalması ilə bağlı iddialar cinayət işi açmağa yetərli deyil
# 12 dekabr 2013 13:43 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin 18 oktyabr 2013-cü ildə Orxan Zeynalovun həbsi ilə bağlı Rusiya Federasiyası İctimai Palatasının sədrinə ünvanlandığı məktubda qaldırdığı məsələlərə Moskva şəhər prokurorluğu münasibət bildirib.

Şuradan APA-ya verilən məlumata görə, məktubda A.Quliyevin O.Zeynalov həbs olunarkən zorakılığa məruz qalması ilə bağlı narahatlığına cavab olaraq bununla bağlı oktyabrın 24-də məhkəmə tibbi ekspertizasının təyin olunduğu, noyabrın 11-də isə onun yekun nəticəsinin açıqlanma müddətinin daha bir ay uzadıldığı qeyd edilir.

Prokurorluq yalnız tibbi ekspertizanın yekun rəyindən sonra həbs edilərkən soydaşımıza qarşı hər hansı qanun pozuntusu hərəkətinin yol verilməsi məsələsinə hüquqi cəhətdən tamlıqla aydınlıq gətiriləcəyini bildirib. Moskva şəhər prokurorluğu O.Zeynalovun həbsi ətrafında mətbuatda gedən iddiaların onun həbs olunarkən zorakılığa məruz qalması ilə bağlı hər hansı cinayət işi açmağa yetərli olmadığını da vurğulayıb.

Xatırladaq ki, Şura sədrinin Rusiya Federasiyası İctimai Palatasının sədri Yevgeni Velixova ünvanlandığı məktubda məişət zəminində baş vermiş bu hadisənin milli müstəviyə çıxarılmasından, O.Zeynalovun hüquqlarının kobud şəkildə pozulmasından və zorakılığa məruz qalmasından ciddi narahatlıq ifadə olunub. Şura bundan sonra da O.Zeynalovun həbsi ilə bağlı məsələni nəzarətdə saxlamaqda davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR