Azərbaycanlı sahibkarların və menecerlər üçün Almaniyada ixtisasartırma kursunda iştirakla bağlı müsabiqə elan edilir

Azərbaycanlı sahibkarların və menecerlər üçün Almaniyada ixtisasartırma kursunda iştirakla bağlı müsabiqə elan edilir
# 28 sentyabr 2013 10:53 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində sahibkarların və menecerlərin 2014-cü ildə Almaniyada “İqtisadi kooperasiya” üzrə 1 ay müddətində ixtisasartırma kursunda iştirakı məqsədilə müsabiqə elan edib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, proqramın məqsədi Azərbaycanın şirkət nümayəndələrinin Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkar və mədəni dünyagörüşün genişlənməsinə şərait yaratmaqdır.

Namizədlər ali təhsilli (bakalavr və ya magistr dərəcəsi), menecment sahəsində azı 1 (bir) il iş təcrübəsi olmalı, yaşı 45-dən çox olmamalı, ingilis dilini bilməlidirlər.

Almaniyada keçiriləcək ixtisasartırma kursu treninqlər (praktiki idarəetmə vərdişlərinin qazanılması) və şirkətlərdə praktiki təcrübədən (qrup və ya fərdi halda təcrübə keçmək, işgüzar əlaqələr yaratmaq) ibarətdir.

İxtisasartırma kursunun keçirilməsi vaxtı 2014-cü ilin mart - aprel aylarını əhatə edəcək. İxtisasartırma kursları zamanı Almaniyada qalmaq xərclərini və təhsil haqqının ödənilməsini alman tərəfi öz öhdəsinə götürür. Yol xərci iştirakçıların təmsil etdiyi təşkilat və ya namizədlər tərəfindən ödənilir.

Namizədlərin seçilməsi üzrə müsabiqə bu ilin 29-31 oktyabrında Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssisləri tərəfindən keçiriləcək.

Qeyd edək ki, namizədlər aşağıdakı formaları (iki nüsxədən ibarət) tələb olunan qaydada doldurmalı və qeyd olunan ünvana şəxsən təqdim etməlidirlər:

- Namizəd haqqında məlumat (Candidate Profile)
- Zəmanət məktubu (Letter of Refrence)

- Vəzifəsi göstərilməklə iş yerindən təşkilat rəhbəri tərəfindən təsdiq olunmuş arayış.

Formaları Bakı Biznes Tədris Mərkəzinin www.bbtc.az saytından əldə etmək olar.

Sənədlər 2013-cü il oktyabr ayının 28-dək qəbul ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR