“Azəriqaz” rəhbərliyi sabiq qadın əməkdaşlarını qəbul edib

“Azəriqaz” rəhbərliyi sabiq qadın əməkdaşlarını qəbul edib
# 19 may 2014 14:13 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Prezident Administrasiyasının (PA) qarşısında aksiya keçirən “Azəriqaz” İB-in 50-yə yaxın sabiq qadın əməkdaşı İB-in baş direktorunun müavini Ruslan Əliyev və hüquq departamentinin rəhbərliyi tərəfindən qəbul edilib.

Bu barədə “APA-Economics”ə “Azəriqaz” İB-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Araz Ağayev məlumat verib.

Onun sözlərinə görə, görüş zamanı aksiyaçılar dinlənilib, onlara müvafiq izahat verilib: “Heç kəsin işlə təminatına söz verə bilmərik. Çünki strukturun təkmilləşdirilməsi ilə bağlı burda həmin qadınların tutduqları ştatlar ləğv edilib. Sırf qanunvericiliyə müvafiq olaraq da bildirişlər paylanılıb. Biz onların işlə təminatı ilə bağlı vəd verə bilmərik. Çünki “Azəriqaz” İB işə qəbul prosesini həyata keçirmir. Azərbaycan Dövlət Neft Şirkəti üzrə işə qəbul prosesi İnsan resursları departamenti tərəfindən mərkəzləşdirilmiş qaydada aparılır. Ona görə bizim vəd verməyimiz düzgün çıxmır”.

Xatırladaq ki, bu gün “Azəriqaz” İB-nin 50-yə yaxın qadın əməkdaşı Prezident Administrasiyasının (PA) qarşısında toplaşaraq aksiya keçirməyə cəhd edib. Aksiya iştirakçıları rayon qaz qəza xidmətləri ləğv olunandan sonra işdən çıxarıldıqlarını bildirərək, ləğv olunmuş iş yerlərinin əvəzinə yeni iş yerləri tələb ediblər.

A.Ağayev bildirib ki, Bakı şəhəri və Abşeron rayonu üzrə qaz istismar sahələrinin tərkibindəki qəza dispetçer xidmətləri ləğv edilməsi ilə əlaqədar olaraq, “Azəriqaz”ın nəzdində təmir-tikinti idarəsinin tərkibində yeni mərkəzləşdirilmiş qəza təmir-bərpa xidməti yaradılıb: “Bütün bu proseslərlə əlaqədar əmək qanunvericiliyinə uyğun olaraq bildirişlər paylanılıb. Maksimum dərəcədə çalışmışıq ki, sərbəstləşən işçilərin yerləşdirilməsini təmin edək. İndi müəyyən hissənin yerləşdirilməsi mümkün deyilsə, bunun üçün qanunvericilikdə, ümumiyyətlə, güzəştlər nəzərdə tutulmayıb. Çünki yerləşdirmə ştatların sayına uyğun olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR