Azay Quliyev Qarabağ münaqişəsi ilə bağlı tədqiqat aparan litvalı mütəxəssislərlə görüşüb

Azay Quliyev Qarabağ münaqişəsi ilə bağlı tədqiqat aparan litvalı mütəxəssislərlə görüşüb
# 15 aprel 2014 17:05 (UTC +04:00)

Bakı-APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev ölkəmizdə səfərdə olan “Geosiyasi Araşdırmalar Mərkəzi”nin nümayəndə heyəti ilə görüşüb.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Geosiyasi Araşdırmalar Mərkəzi”nin sədri Qreta Monika Şuranın xarici QHT-lər üçün qrant proqramı çərçivəsində icra etdikləri “Xocalı haqqında məlumat və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Litva ictimaiyyətinin rəyi” layihəsi çərçivəsində görülən işlərlə bağlı məlumat verib.

O, Qarabağ münaqişəsi haqqında Litva ictimaiyyətini obyektiv məlumatlandırmaq üçün ingilis və Litva dilində 6 elmi məqalənin hazırlanacağını və tanınmış jurnallarda dərc ediləcəyini bildirib. Sonra bu elmi məqalələr toplanaraq kitab halında çap edilərək Litva universtetlərinə, kitabxanalarına və siyasətçilərə paylanacaq. Kitabın ingilis dili variantı isə avropalı siyasətçilərə, Avropa Parlamentinin üzvlərinə və kitabxanalara göndəriləcək. Q.Monika bu kitabdan gələcəkdə Litvanın gənc nəslinin Qarabağ münaqişəsi haqqında elmi vəsait kimi istifadə edə biləcəklərini qeyd edib.

A.Quliyev isə Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin Avropanın vətəndaş cəmiyyəti qurumu tərəfindən gündəmə gətirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, layihənin icrasının Litva və Avropa ictimaiyyətində münaqişə haqqında dürüst və müfəssəl rəyin formalaşmasına xidmət edəcəyini vurğulayıb.

Görüşdə iştirak edən Milli Məclisin deputatı, “Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev Qarabağ münaqişəsinin tarixinə geniş ekskursiya edərək Azərbaycan torpaqlarının işğalında və çoxsaylı insan qətllərində hazırkı Ermənistan rəhbərliyinin də iştirakını konkret faktlarla qonaqların diqqətinə çatdırıb. Münaqişə nəticəsində 20.000-dən artıq azərbaycanlının qətlə yetirildiyini, on minlərlə soydaşımızın isə əlil olduğunu qeyd edən millət vəkili Litva ictimaiyyətinin bu həqiqətləri bilməsinin vacibliyini vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR