İraq hökuməti “Əşrəf” qaçqın düşərgəsini tamamilə boşaltdığını açıqlayıb

İraq hökuməti “Əşrəf” qaçqın düşərgəsini tamamilə boşaltdığını açıqlayıb
# 12 sentyabr 2013 11:02 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İraq hökuməti “Əşrəf” qaçqın düşərgəsini tamamilə boşaltdığını açıqlayıb.

APA-nın İran mətbuatına istinadən xəbərinə görə, rəsmi Bağdad İran Xalq Mücahidlər Təşkilatının (İXMT) qalan 42 üzvünün də düşərgədən çıxarıldığını bildirib. Belə ki, sentyabrın 20-də yerli vaxtla gecə saat 22:00-da İraq Silahlı Qüvvələri ərazini xalq mücahidlərindən təmizləyərək düşərgəyə daxil olub. Hazırda düşərgənin ətrafında İraq əsgərləri keşik çəkir.

Qeyd edək ki, BMT sentyabrın 1-də “Əşrəf” düşərgəsində baş vermiş toqquşmalar nəticəsində ən azı 47 nəfər öldüyünü açıqlayıb. İraq hüquq-mühafizə orqanları isə 19 nəfərin öldüyünü, 52 nəfərin yaralandığını, 38 nəfərin həbs olunduğunu bildirib. Həkimlər toqquşmalarda iki polisin öldüyü, üç nəfərin yaralandığı barədə məlumat yayıblar. İran Xalq Mücahidləri Təşkilatı isə düşərgədəki dinc sakinlərə hücuma görə İraq təhlükəsizlik qüvvələrini ittiham edib və düşərgədə məskunlaşan qurum üzvlərindən 52 nəfərinin öldüyünü bildirib.

“Əşrəf” düşərgəsi Bağdaddan 60 kilometr şimalda yerləşir. Düşərgədə məskunlaşan iranlı müxaliflərin böyük əksəriyyəti 2012-ci ildə Bağdad yaxınlığındakı ABŞ hərbi bazasının ərazisinə köçürülüb, 100-dək müxalif isə düşərgənin bağlanmasına etiraz edərək özlərinə məxsus əmlakı qorumaq üçün “Əşrəf”də qalıb.

Xatırladaq ki, İran hakimiyyətinin ən böyük müxalif qruplarından sayılan İran Xalq Mücahidlər Təşkilatı İranda şahlıq dövründə, 1960-cı illərin sonunda yaradılıb, 1980-ci illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra İran Xalq Mücahidlər Təşkilatının minlərlə üzvü zindanlarda edam edilib, xeyli şəxs isə xarici ölkələrə mühacirət edib. Avropa Birliyi və Böyük Britaniya İran Xalq Mücahidlər Təşkilatının adını 2008-ci ildə, ABŞ isə 2012-ci ildə terrorçu təşkilatlar siyahısından çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR