Lənkəran sakini bambukdan məişət əşyaları hazırlayır - FOTO

Lənkəran sakini bambukdan məişət əşyaları hazırlayır  - <span style="color: red;">FOTO
# 09 aprel 2014 16:31 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran rayonunun Talışlı kənd sakini, ixtisasca mədəniyyət işçisi olan Eynulla Calalovun maraqlı hobbisi var. O, 10 ilə yaxındır ki, bambukdan məişətdə işlədilən müxtəlif növ əşyalar hazırlayır.

E.Calalovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, cinlilərin həyat ağacı adlandırdığı bambuk Lənkərana ötən əsrin əvvəllərində gətirilib. Rütubətə, günəşə tələbkar olan bu bitki yağıntılı iqlimə malik cənub bölgəsinə tez uyğunlaşıb.

E.Calalovun həyətyanı torpaq sahəsində yetişdirdiyi 1000-dən çox bambuk ağacı bu gün onun üçün əl işləri hazırlamaqdan ötrü əvəzsiz xammal mənbəyidir. Boş vaxtlarını həyətdəki balaca emalatxanasında bambukdan əl işləri hazırlamağa sərf edən ustanın hazırladığı gündəlik tələbat duyulan məişət əşyaları sırasında çarpayı, stol, stul, kreslo, kitab rəfi daha çox yer tutur. Bu əşyaların hər birinin hazırlanması üçün isə səbir, dözüm və ən başlıcası, bacarıq vacib şərtlərdəndir.

Ustanın düzəltdiyi məmulatlar dəfələrlə rayonda keçirilən sənətkarlıq sərgilərində nümayiş etdirilib. Bu işlərə görə fəxri fərmanlara, ustad sənətkar diplomuna layiq görülüb.

Bambukun xüsusiyyətlərindən söz açan E.Calalov bildirir ki, bu, çox nəvaziş və qulluq tələb edən bitkidir. Yaxşı qulluq olunan hər bir ağac 6 həftəyə böyüyüb boy atır. İkinci ildən isə inkişaf etməyə başlayaraq möhkəmlənir. Bambuk ağacları müxtəlif diametrlərdə olur. Eynulla kişi xammal kimi əsasən 3 illik bambuk ağaclarından istifadə etdiyini söyləyir. Onun qənaətincə, bambuk çox qiymətli ağacdır. Ondan mebel sahəsində istifadə etməyin böyük səmərəsi olardı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR