Səlim Müslümov: “Azərbaycan inkişaf dinamikası baxımından dünya dövlətləri arasında ön sıralardadır” - FOTO

Səlim Müslümov: “Azərbaycan inkişaf dinamikası baxımından dünya dövlətləri arasında ön sıralardadır” - <span style="color: red;">FOTO
# 29 aprel 2014 09:39 (UTC +04:00)

Bakı - APA-Economics. Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarının əməkdaşlarından ibarət komandalar arasında ilk dəfə olaraq idman yarışlarına (mini-futbol və şahmat turnirləri) başlanılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevin APA-ya verdiyi məlumata görə, bu münasibətlə keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edib.

Nazir vurğulayıb ki, bu gün Azərbaycan inkişaf dinamikası baxımından dünya dövlətləri arasında ön sıralardadır: “Təbii ki, bu inkişafın əsasında ulu öndər Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu strategiyası dayanır. Cənab prezident İlham Əliyev ölkəyə rəhbərliyə başladığı dövrdən ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar əsasında məharətlə inkişaf və davam etdirir. Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaradıb”.

S. Müslümov bildirib ki, son illər uğurla həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə yoxsulluq və işsizlik səviyyəsi kəskin şəkildə azalıb, vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına nail olunub, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib.

Daha sonra Səlim Müslümov Heydər Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, bu gün Azərbaycanda idmanın surətli inkişafı istiqamətində prezident İlham Əliyevin reallaşdırdığı tədbirlərdən bəhs edib.

Nazir rəhbərlik etdiyi strukturda H. Əliyevin doğum günü ərəfəsində müxtəlif tədbirlərin həyata keçiriləcəyini nəzərə çatdırıb: “Bunlardan biri də mini-futbol turniri və şahmat turniridir. Belə idman turnirləri gənclərin sağlam həyat tərzinə daim sadiq qalmalarında mühüm əhəmiyyətə malikdir”.

Mini-futbol turnirlərinin qalibləri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində müəyyən olunacaq. Qalib komandalara kubok və medallar təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR