DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 16% artıb

DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 16% artıb
# 09 yanvar 2014 08:56 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu il yanvarın 1-i tarixinə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı ötən ilin əvvəli ilə müqayisədə 15,8% artıb.

DSMF-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ötən il DSMF tərəfindən əlavə olaraq 425 283 sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 2 691 357 nəfərə yüksəlib.

DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Belə ki, istənilən sığortaolunan “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidməti vasitəsilə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər. Ötən ilin statistikasına əsasən, vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin olunmasında mühüm rola malik olan bu xidmət “Elektron hökumət” portalı vasitəsilə ən çox müraciət olunan elektron xidmətlər sırasındadır.

Bu il yanvarın 1-nə olan məlumata əsasən, DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 58,7%-i kişi, 41,3%-i isə qadındır.

Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,7%-i 30 yaşa kimi vətəndaşlar, 24,1%-i 30-40 yaş aralığında olan vətəndaşlar, 22,1%-i 40-50 yaş aralığında olan vətəndaşlar, 21,4%-i 50-60 yaş aralığında olan vətəndaşlar, 10,7%-i 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR