Balakəndə yeni körpələr evi-uşaq bağçası və Zaqatalada yeni məktəb binası istifadəyə verilib - VİDEO

Balakəndə yeni körpələr evi-uşaq bağçası və Zaqatalada yeni məktəb binası istifadəyə verilib - <span style="color: red;">VİDEO
# 30 oktyabr 2013 16:58 (UTC +04:00)

Balakən-Zaqatala. Vüqar Heydərov - APA. Balakən və Zaqatala rayonlarında Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa olunmuş sosial obyektlər istifadəyə verilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Balakən rayonunda müasir standartlara uyğun inşa olunmuş Katex kənd 1 saylı körpələr evi - uşaq bağçasının, Zaqatalada isə Göyəm kənd tam orta məktəbinin açılışı olub.

Katex kənd 1 saylı körpələr evi-uşaq bağçasının inzibati binası ötən əsrin 50-ci illərində tikilərək istifadəyə verilib. 2012-ci ilin may ayında baş verən zəlzələdən sonra bina yararsız vəziyyətə düşüb. 2012-ci ilin noyabr ayında Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə Katex kənd 1 saylı körpələr evi-uşaq bağçasının yeni binasının tikintisinə başlanıb. Yeni inşa edilən bağçanın ümumi sahəsi bir hektara yaxındır. 80 yerlik bağça 2 mərtəbədən ibarət olmaqla bütün lazımi avadanlıqlarla təchiz olunub. Hazırda bağçada 35 uşaq tərbiyə alır ki, onların təlim-tərbiyəsi ilə 13 müəllim və tərbiyəçi məşğul olur. Açılış mərasimində Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək bağçanın kollektivini təbrik edib. Qeyd olunub ki, rayonda qəzalı vəziyyətə düşən daha 4 bağça FHN tərəfindən yaxın vaxtlarda yenidən inşa olunacaq.

Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilən daha bir təhsil ocağı Zaqatalada müəllim və şagirdlərin istifadəsinə verilib. Rayonun Göyəm kəndində 220 şagird yerlik tam orta məktəbinin açılış mərasimində bildirilib ki, hazırda bu təhsil ocağında 206 nəfər şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 48 nəfər müəllim məşğul olur.

Zaqatala rayon Təhsil Şöbəsinin müdiri Habil Qurbanov bildirib ki, ötən ilin may ayında baş verən zəlzələ nəticəsində rayonda 23 məktəb qəzalı vəziyyətə düşüb. Ölkə prezidentinin tapşırığı ilə FHN tərəfindən bu günə qədər 18 yeni məktəb istifadəyə verilib, 4 məktəb binası yaxın günlərdə istifadəyə veriləcək, 2 məktəbdə isə son tamamlanma işləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR