Azərbaycanda vergilər ixtisasa uyğun olaraq tutulacaq

Azərbaycanda vergilər ixtisasa uyğun olaraq tutulacaq
# 14 aprel 2014 08:29 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda hər bir peşə və ya xidmət sahəsinə uyğun olaraq vergi tətbiq olunacaq. Artıq bununla bağlı beynəlxalq təcrübə öyrənilir. Hazırda üzərində iş aparılan bu layihə Azərbaycanda bəzi müəssisələrin əmək haqqını az göstərməklə, vergidən yayınma hallarının qarşını almaq məqsədilə həyata keçiriləcək.

Bunu “APA-Economics”ə Dövlət Sosial Müdafiə Fondunun (DMSF) Maliyyə-büdcə şöbəsinin sığorta edənlərin mərkəzləşdirilmiş uçotunun təşkili şöbəsindən bildiriblər.

Məlumata görə, gələcəkdə tətbiq olunması nəzərdə tutulan qanun layihəsində faiz dərəcələrinin dəyişilməsi və ya xidmət sahələrinə uyğun olaraq faiz dərəcələrinin müəyyən edilməsi kimi məqamlar öz əksini tapacaq.

“Məsələn, elə müəssisələr var ki, işçiyə 800 manat əmək haqqı ödəyir. Amma əmək haqqı fondunda 200 manat göstərir. Bununla da, müəssisə sosial sığorta haqqından yayınır. Məlum olduğu kimi Azərbaycanda məcburi dövlət sosial sığorta haqqının dərəcəsi 25% təşkil edir. Onlardan 22% işəgötürən tərəfindən ödənilir, 3% isə işçinin əmək haqqından tutulur. Odur ki, 200 manatla 800 manat arasında olan fərqin nə dərəcədə olduğu görünür. Bütün bunlar real potensial bazar iqtisadiyyatının formalaşması üçün həyata keçirilir ”, - deyə fonddan bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR