Xaçmazda iqtisadiyyatın inkişafında sahibkarlığın rolu müzakirə olunub

Xaçmazda iqtisadiyyatın inkişafında sahibkarlığın rolu müzakirə olunub
# 09 aprel 2014 13:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Xaçmazda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan prezidentinin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından irəli gələn vəzifələr, aparılacaq islahatlar, eləcə də sahibkarların bu barədə məlumatlandırılması məqsədi ilə tədbir keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə İqtisadiyyat və Sənaye, Ədliyyə nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun, Sahibkarlar Konfederasiyasının, Quba-xaçmaz iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin 200-dən çox sahibkar iştirak edib.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, bu fərman sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahənin inkişafına verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir.

Onun sözlərinə görə, fərmana uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq araşdırmalar aparılıb və hər bir istiqamət üzrə nümunəvi modellər təhlil olunub: “Sənəddə aidiyyəti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin “bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatı, eləcə də tikintiyə icazələrin verilməsi sahəsində prosedur və müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin minimuma endirilməsi, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün müvafiq təkliflərin hazırlanması tapşırılıb. Artıq İqtisadiyyat və Sənaye Nazirliyi Fərmanda verilmiş tapşırıqların icrası ilə bağlı təkliflər paketini hazırlamış və aidiyyəti dövlət qurumlarına təqdim edib.

Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov dövlət başçısının müvafiq fərmanının Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, onun ən qabaqcıl təcrübə əsasında təkmilləşdirilməsi istiqamətində əsas yol xəritəsi olmaqla, qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açdığını qeyd edib, Fərmana əsasən aidiyyəti dövlət qurumları ilə birlikdə dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılmasının müəyyən edildiyini bildirmişdir. Artıq bu istiqamətdə işlərə başlanılıb.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndəsi Gülnarə Məmmədova İqtisadiyyat və Sənaye Nazirliyi ilə GİZ-nin uğurlu əməkdaşlıq etdiyini bildirib və həyata keçirilən layihələr barədə məlumat verib.

Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR