MSK deputatlığa namizədlikləri qeydə alınmayanların şikayətlərinə baxıb

MSK deputatlığa namizədlikləri qeydə alınmayanların şikayətlərinə baxıb
# 08 oktyabr 2015 15:29 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında daxil olmuş müraciətlərə baxılıb.

APA-nın məlumatına görə, MSK katibi Arifə Muxtarova deyib ki, 77 saylı Astara Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Mikayıl Talıbov müvafiq dairə seçki komissiyası (DSK) tərəfindən namizədliyinin qeydə alınmamasından şikayət edib. MSK-nın işçi qrupu araşdırma zamanı M. Talıbovun təqdim etdiyi imzalardan 469 imzanın etibarlı olduğunu müəyyən edib. MSK M. Talıbovun namizədliyinin qeydə alınması, DSK-nın qərarının ləğvi barədə qərar verib. MSK 77 saylı Astara Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Namiq Hacızadənin namizədliyinin müvafiq DSK tərəfindən qeydə alınmaması barədə şikayətini də əsaslı sayıb, DSK-nın qərarının ləğvi və N. Hacızadənin namizədliyinin qeydə alınması barədə qərar verib.

MSK 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Məzahir Məmmədov, 84 saylı Füzuli Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Məhəmməd Həsənov, 19 saylı Nərimanov Birinci Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş AXCP-nin Nərimanov rayon təşkilatının sabiq şöbə müdiri Ağaşirin Baxşəliyev (Tanrıverdioğlu), 19 saylı Nərimanov Birinci Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Pərviz Səmədov, 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Müsavat başqanının sabiq müşaviri Yeganə Hacıyeva və 66 saylı Biləsuvar Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Müsavat Partiyası Biləsuvar təşkilatının sədri Yusif Mehdinin namizədliyinin müvafiq DSK-lar tərəfindən qeydə alınmaması barədə şikayətlərini əsassız sayıb, DSK-ların qərarlarını qüvvədə saxlayıb.

MSK 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsindən Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Ümid Partiyasının Gəncə şəhər təşkilatının sədri Salman İmanlının namizədliyinin müvafiq DSK tərəfindən qeydə alınmaması barədə şikayətinə də baxıb. MSK-nın işçi qrupu S. İmanlının sahibkar kimi gəlirlərini gizlətdiyi üçün namizədliyinin qeydə alınmaması barədə DSK-nın qərarını qüvvədə saxlamağı zəruri sayıb. MSK üzvü Akif Qurbanov isə bildirib ki, Şəmkir Ərazi Vergilər İdarəsi S. İmanlıya müvafiq arayış verməyi gecikdirdiyi üçün S. İmanlı bu arayışı zamanında DSK-ya təqdim edə bilməyib. MSK üzvü Qabil Orucov S. İmanlının şikayətində bu məqamın yer almadığını, müvafiq sənədin təqdim olunmadığını vurğulayıb. MSK DSK-nın qərarını qüvvədə saxlayıb, S. İmanlının namizədliyi qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR