Azərbaycanda mikromaliyyə sektorunun dayanıqlı inkişafı üçün investorların vəsaitlərinin cəlb edilməsi və alternativ maliyyələşmə kanallarının genişləndirilməsi vacibdir.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini Toğrul Əliyev XII Azərbaycan Mikromaliyyə Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, investorların sektora etimadının artırılması üçün şəffaf hesabatlılıq, sağlam korporativ idarəetmə, etibarlı risk qiymətləndirməsi və aydın tənzimləyici çərçivənin formalaşdırılması mühüm əhəmiyyət daşıyır.
T. Əliyev qeyd edib ki, mikromaliyyə sektorunun inkişafı üzrə strateji çərçivədə təşkilatların institusional əsaslarının gücləndirilməsi və biznes subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi əsas istiqamətlər kimi müəyyən edilib.
AMB sədrinin müavini bildirib ki, rəqəmsal transformasiya da sektorun maliyyələşmə imkanlarının genişləndirilməsinə və xidmətlərin əlçatanlığının artırılmasına şərait yaradır.
Belə ki, rəqəmsal kanallar maliyyə xidmətlərinin göstərilməsi xərclərini azaldır, regionlarda əlçatanlığı artırır və alternativ məlumatlardan istifadə etməklə kiçik sahibkarların ödəmə qabiliyyətinin daha dəqiq qiymətləndirilməsinə imkan verir.
Onun sözlərinə görə, rəqəmsal həllər hazırlanarkən regionlarda fəaliyyət göstərən sahibkarların, rəqəmsal bacarıqları məhdud olan şəxslərin və ənənəvi xidmət kanallarına ehtiyac duyan müştərilərin maraqları da nəzərə alınmalıdır.
T. Əliyev vurğulayıb ki, mikromaliyyə sektorunun inkişafında əsas məqsəd yalnız kreditləşmənin və maliyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi deyil, həm də həmin xidmətlərin iqtisadi fəaliyyətə, sahibkarlığın inkişafına və maliyyə dayanıqlılığına təsirinin artırılmasıdır.
O əlavə edib ki, 2027–2030-cu illər üzrə maliyyə inklüzivliyinin genişləndirilməsinə dair Dövlət Proqramı bu istiqamətdə qarşıya yeni vəzifələr qoyur.
AMB sədrinin müavininin sözlərinə görə, mikromaliyyənin növbəti inkişaf mərhələsi daha çox insanın dayanıqlı iqtisadi fəaliyyətə cəlb olunmasına, bizneslərin məhsuldarlığının artırılmasına və maliyyə sisteminə etimadın gücləndirilməsinə xidmət etməlidir.