Bakıda Kimyaçılar və kimya mühəndislərinin I beynəlxalq konfransı keçirilir

Bakıda Kimyaçılar və kimya mühəndislərinin I beynəlxalq konfransı keçirilir
# 17 aprel 2013 15:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gündən Bakıda Kimyaçılar və kimya mühəndislərinin I beynəlxalq konfransı (“CCE 2013”) öz işinə başlayıb.

APA-nın xəbərinə görə, Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan konfransın rəsmi açılış mərasimi bu gün Gülüstan sarayında baş tutub.

Beş gün davam edəcək beynəlxalq konfrans Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin birgə dəstəyi, həmçinin Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və digər qurumların təşkilatçılığı ilə keçirilir.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, xaricdən gələn nüfuzlu alimlərlə Azərbaycanda bu sahədə çalışan müəllimlərin arasında əlaqələrin yaranmasına, birgə tədqiqat işlərinin aparılmasına təkan verəcək. Konfransda dünyanın 12 ölkəsindən 100-dək mütəxəssisin iştirak etdiyini deyən M.Mərdanov qeyd edib ki, uzun illərdir Azərbaycanda elmin bu və ya digər sahələrinə həsr olunan belə konfranslar keçirilmirdi. Nazirin fikrincə, kimya və kimya mühəndisliyinin inkişafında bu konfransın çox böyük əhəmiyyəti olacaq.

“Azərikimya” İstehsalat Birliyinin rəhbəri Muxtar Babayev isə bildirib ki, bu konfransın keçirilməsi Azərbaycanın həm bugünkü inkişafı, həm də gələcəkdə sənaye potensiyalının inkişafı üçün vacibdir. Onun sözlərinə görə, konfransda Kimya sənayesinin və Kimya mühəndisliyinin inkişafı ilə bağlı maraqlı, mühüm məsələlərin müzakirəsi nəzərdə tutulub.

ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə də çıxışı zamanı ölkədə belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirib.

Qeyd edək ki, aprelin 21-dək davam edəcək “CCE 2013” beynəlxalq konfransı kimyaçıları, kimya üzrə mühəndisləri, sənaye mütəxəssisləri və kimya sahəsi üzrə tədqiqatçıları bir araya gətirən forumdur. “CCE 2013” həm akademik, həm də sənaye institutlarından olan tədqiqatçıları və sənayedən olan təcrübəçiləri cəlb etmək məqsədilə keçirilir. Bu müddət ərzində çərçivəsində Qafqaz Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasında müxtəlif mövzularda leksiyalar təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR