Qızılı 2000 dollaradək bahalaşdıracaq üç səbəb - TƏHLİL

Qızılı 2000 dollaradək bahalaşdıracaq üç səbəb - <span style="color: red;">TƏHLİL
# 15 iyul 2016 11:12 (UTC +04:00)

Son dövrlər dünya birjalarında 3 dəfə kollaps yaşanıb: ötən yayda, bu ilin əvvəlində və Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumdan ("Brexit") sonra. Bu 3 dövr ərzində ABŞ-ın fond bazarında eniş müşahidə olunub və bunun ardından indekslər stabilləşib. Maraqlıdır ki, qeyd edilənlərin heç birini qızıla aid etmək olmaz: ilin əvvəlindən onun qiyməti stabil şəkildə bahalaşmaqdadır. Dediklərimizi rəqəmlərlə izah edək. Hazırda qızılın 1 unsiyasının dəyəri 1332 dollara yaxındır, halbuki, ötən ilin dekabrın 31-də bu rəqəm 1060,9 dollar olub. Beləliklə, ilin əvvəlindən qızıl 26% və ya 272 dollara yaxın bahalaşıb.

"APA-Economics" qızılın 1 unsiyasının 2000 dollaradək bahalaşacağını proqnozlaşdırır və bunun üçün 3 əsas səbəb gətirir.

Qızılın və qızıl hasilatı ilə məşğul olan şirkətlərin səhmlərinin bahalaşmasının bir neçə səbəbi var. Proqnozlarımızı konkret 3 səbəblə təsbit etməyə çalışacağıq.

BİRİNCİ SƏBƏB

Qızıl bazarına təsir edən əsas amillərdən biri dünya üzrə istiqrazların gəlirliliyinin azalmasıdır. 2%-dək gəlirlilik vəd edən bondlara investisiyaların həcmi azalmaqdadır. Üstəlik, nəzərə alınmalıdır ki, Yaponiya və Almaniyanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi sıfırdan aşağı enib, ABŞ istiqrazlarının gəlirliliyi isə 1,4% ətrafında dövr edir.

Hətta dolların funt və avro qarşı möhkəmlənməsi qızılı ucuzlaşdıra bilmir. Adi halda ABŞ-ın milli valyutası bahalaşdıqca qızıl ucuzlaşmalıdır. Lakin birjalardakı ralli əks mənzərəni göstərir. Buna səbəb, bayaq qeyd etdiyimiz kimi, hazırkı vəziyyətdə alternativ maliyyə alətlərinə investisiyaların əlverişli olmamasıdır.

İKİNCİ SƏBƏB

Qızılı bahalaşdıracaq ikinci səbəb ona tələbatın artmasıdır. 2014 və 2015-ci illərdə birja fondlarından qızıl axınının həcmi müvafiq olaraq 183,6 və 128,3 ton təşkil edib. Lakin cari ilin birinci rübündə vəziyyət ciddi şəkildə dəyişib. Belə ki, ilk 3 ay ərzində birjalara 363,7 qızıl axıb. Fərq göz önündədir.

Qızıla tələbat özəl investisiyalar hesabına artır. Bununla yanaşı, Mərkəzi Banklar və zərgərlik sənayesinin üzvləri də qızıla böyük maraq göstərir. Əminliklə demək olar ki, tələbatın yüksək olması qızılın qiymətini artıracaq.

ÜÇÜNCÜ SƏBƏB

Qızılın qiymətinə müsbət təsir edən amillərdən biri də ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi və "Brexit"dən sonrakı qeyri-müəyyənlikdir.

Qızıl qorunan aktiv sayılır və dünya iqtisadiyyatında hər hansı qeyri-müəyyənlik yaranırsa ənənəvi olaraq ona olan tələbat artır. "Brexit"dən sonra qlobal birjalarda nəyin baş verəcəyi ilə bağlı hələ heç kəsdə dolğun təsəvvür yoxdur. Bu yaxınlarda ABŞ fond birjalarında baş verənlər onu deməyə əsas verir ki, "Brexit"dən doğan təhlükələrlə bağlı ehtimallar bir qədər şişirdilib. Buna baxmayaraq, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının krallığın iqtisadiyyatına mənfi təsir edəcəyi heç kəsdə şübhə doğurmur. Sadə dillə desək, investorlar sabah birjalarda nəyin baş verəcəyini anlamaqda çətinlik çəkir.

Analoji olaraq, ABŞ-da prezident seçkiləri öncəsi də bir qeyri-müəyyənlik hökm sürür. Bu amil də ABŞ iqtisadiyyatına və ştatların fond bazarına təsir edir. Heç şübhəsiz, qeyri-müəyyənlik qızılı bahalaşdırır və bahalaşdıracaq.

Söz verdiyimiz kimi, qızılı bahalaşdıracaq 3 səbəbi sadaladım. İndi isə bir qədər bazara göz gəzdirək. Çünki investorların diqqətini yalnız fiziki qızıl deyil, eyni zamanda qızıl hasilatı ilə məşğul olan şirkətlər çəkir. Qızıl hasilatı sahəsində dünya liderlərindən biri olan Kanadanın "Barrick Gold" şirkətinin birinci rüb üzrə hesabatında deyilir ki, bu il qızılın maya dəyəri 1 unsiyaya görə 760-810 dollar ətrafında dəyişəcək. Yeri gəlmişkən, şirkət qızılın bahalaşması hesabına 3,1 mlrd. dollar həcmində borcunu bağlayıb və bu il ərzində götürdüyü borc üzrə daha 2 mlrd. dollar ödəniş etmək niyyətindədir.

Kanadan başqa bir iri şirkəti olan "Kinross Gold" 2010-cu ildə Mavritaniyada aldığı "Red Back Mining"ə məxsus ən iri yatağı istismara vermək niyyətindədir. Kanadalılar "Tasiast" adlanan yatağın istismarından ciddi gəlir etməyi planlaşdırır.

Qızılın bahalaşması qonşu Rusiyada fəaliyyət göstərən istehsalçılar üçün də düşərli olub. Rusiyanın ən iri qızıl istehsalçısı olan "Polyus Zoloto" şirkəti 2014-cü ili 182 mln. dollar həcmində zərərlə başa vursa da, ötən ilin yekunlarına görə 1,1 mlrd. dollardan artıq gəlir götürüb.

İlkin Əhmədov, APA Analitik Mərkəzi

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR