FHN-in 10 illiyinə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib

FHN-in 10 illiyinə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib
# 07 may 2015 11:52 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında nazirliyin yaradılmasının 10 illiyinə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib.

APA-nın məlumatına görə, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, hərbi vətənpərvərlik ruhunun aşılanması məqsədilə keçirilən birincilik “Yanğın estafeti”, “Maneələr zolağı”, “Gənc ekspertlər” və “Komandaların təqdimatı” üzrə 4 mərhələdə keçirilib.

Binəqədi, Yasamal, Nərimanov, Nizami, Nəsimi, Xətai, Xəzər, Qaradağ, Səbail, Suraxanı, Sabunçu rayonu məktəblilərinin qatıldığı yarışlarda ilk olaraq “Yanğın estafeti” mərhələsinə start verilib. Bu mərhələdə komandalar yanğınsöndürmə dəstlərini geyinərək müxtəlif maneələri dəf ediblər, yüksək təzyiqli su şırnağı ilə qarşıdakı hədəfi vurublar.

“Maneələr zolağı” mərhələsində hər komandanın 4 üzvü müxtəlif maneəli zonaları keçib. “Gənc ekspertlər” mərhələsində isə komandaların fövqəladə hallarla bağlı bilik səviyyələri yoxlanılıb. “Komandaları təqdimatı” mərhələsində fövqəladə hallar və vətənpərvərlik mövzuları üzrə səhnəciklər nümayiş etdirilib.

Sonda qalib komandalar kubok və hədiyyələrlə mükafatlandırılıb.

1-ci və 2-ci yeri tutmuş komandalar Bakı şəhərini “Gənc xilasedici və yanğınsöndürən” yarışları üzrə Azərbaycan birinciliyində təmsil etmək hüququ qazanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR