Bakıda Azərbaycan travmatoloq və ortopedlərinin I qurultayı keçirilir

Bakıda Azərbaycan travmatoloq və ortopedlərinin I qurultayı keçirilir
# 17 may 2014 09:33 (UTC +04:00)

APA-nın xəbərinə görə, qurultayın açılışında çıxış edən Səhiyyə Nazirliyinin Tibbi profilaktika şöbəsinin müdir müavini Yusif Babayev bildirib ki, Azərbaycanda keçən əsrin əvvəllərindən formalaşmağa başlayan travmatologiya və ortopediya ixtisası böyük yol keçib və hazırda beynəlxalq standartlara uyğunlaşma tendensiyalarını yaşayır.

Onun sözlərinə görə, son onillikdə prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi qayğı nəticəsində 500-dən artıq tibb ocaqları tikilib və ya yenidən qurularaq ən müasir avadanlıqla təchiz edilib: “Hazırda ən ucqar bölgələrdə belə mürəkkəb əməliyyatları həyata keçirmək imkanı yaranıb. Azərbaycanda əsasən Türkiyə və digər ölkələrdə rezidentura təhsilini bitirmiş 100-dən artıq istedadlı mütəxəssis çalışır və innovasion texnologiyaların tətbiqi sahəsində mühüm işlər görür”.


Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, respublikanın baş travmatoloqu Vaqif Verdiyev isə çıxışında qeyd edib ki, Azərbaycanda çalışan travmatoloq və ortopedlərinin iştirakı ilə keçirilən iki günlük qurultayın məqsədi bu sahədə gedən işlər, uğurlar və çatışmazlıqlar barədə birgə müzakirə aparmaq, ölkədə bu sahə üzrə vəziyyəti təhlil etmək, bu günün kadr potensialını bütün ölkə ərazisində səmərəli istifadə edərək vətəndaşlara yüksək səviyyəli ixtisaslaşmış yardımı yalnız paytaxtda, böyük şəhərlərdə deyil, həmçinin bölgələrdə də təşkil etməkdir: “Bu səbəbdən Gəncə, Sumqayıt, Lənkəran, Naxçıvan MR və digər regionlarda çalışan travmatoloq və ortopedlərin bölgələrdəki vəziyyət və çatışmazlıqlarla bağlı məruzələri dinləniləcək. Qurultayda ölkədə çalışan mütəxəssislərin uğur və problemləri, yeni formalaşan rezidentura təhsil sisteminin təşkili və inkişaf yollarının müzakirəsi haqda ətraflı müzakirələr aparılacaq və gələcək inkişaf yolunu müəyyənləşdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR