Azərbaycan Dohada Qətər Dövlətinin ev sahibliyi ilə keçirilən Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 11-ci İllik Toplantısının açılış mərasimində iştirak edib.
"APA-Economics" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"Dohada Qətər Dövlətinin ev sahibliyi ilə keçirilən Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 11-ci İllik Toplantısının açılış mərasimində iştirak etdik. AİİB ilə uzunmüddətli tərəfdaşlığımız Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Əməkdaşlığımızın əsas istiqamətlərinə iqtisadiyyat-ın şaxələndirilməsi, yaşıl və dayanıqlı infrastrukturun inkişafı, nəqliyyat, enerji və rəqəmsal infrastruktura investisiyaların təşviqi daxildir.
Əminik ki, İllik Toplantı çərçivəsində keçirilən müzakirələr və fikir mübadilələri dayanıqlı inkişafın təşviqinə, investisiya əməkdaşlığının genişləndirilməsinə və regional bağlantıların daha da gücləndirilməsinə öz töhfəsini verəcək", - paylaşımda bildirilib.