Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri düşmənin ciddi itki verdiyi döyüşün təfərrüatlarını danışıblar

Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri düşmənin ciddi itki verdiyi döyüşün təfərrüatlarını danışıblar
# 11 aprel 2015 08:56 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. “Martın 19-da düşmən ordumuzun mövqelərinə hücum etdi və bölmələrimizin ayıq-sayıqlığı, cəsarətli və çevik hərəkətləri nəticəsində itki verərək geri çəkilməyə məcbur oldu”.

APA-nın məlumatına görə, bu sözləri “Azərbaycan ordusu” qəzetinə verdiyi açıqlamada zabit Rafiq Mustafayev deyib.

Rafiq Mustafayev bildirib ki, səhərin erkən çağlarında düşmən əsgərləri havanın dumanlı olmasından istifadə edərək Azərbaycan ordusunun mövqelərinə yaxınlaşmağa başlayıb: “Ancaq ayıq-sayıq döyüş növbəsi aparan döyüşçülərimiz onların bu xəlvəti hərəkətindən vaxtında duyuq düşüblər. Onlar dərhal öz bölmələrinin komandirinə və o da öz növbəsində yuxarı komandanlığa məruzə etdi. Həm komandir heyəti, həm də əsgərlərimiz döyüş təlimatlarına uyğun düzgün mövqe tutdular. Nəticədə heç kəsin burnu qanamadan düşməni ağır itkiyə məruz qoyaraq geri çəkilməyə məcbur etdik".

Zabit Hacıbaba İsgəndərov qeyd edib ki, ön xətdəki vəziyyət və düşmənin niyyəti barədə məlumat alan kimi yuxarı komandanlığa yubanmadan məruzə edib: “Dərhal ön xətti gücləndirmək qərarı verdim, qısa zamanda döyüş postlarına əlavə bölmələr çıxartdım. Həyəcan siqnalı ilə qaldırılmış şəxsi heyət sədd boyunca səngərlərdə müdafiə vəziyyəti aldı”.

Leytenant Tural Sadıqlı məlumat verib ki, düşmənin yaxınlaşmasını əsgər Mirzəbi Ağayev aşkar edib: “O, bu barədə mənə tez məlumat verdi. Dərhal mənim komandamla bölməmizin bütün əsgərləri döyüş mövqelərini, atəş sektorlarını tutdular, müşahidəni gücləndirdilər. Düşmənin bizim mövqelərə doğru irəliləməsi barədə öz komandirimə məruzə etdim və döyüş növbəsi aparmaqda davam etdik. Düşmən qarşıdakı çayı keçdikdə bizim döyüşçülərimiz onları atəşə tutdular. .Mövqelərimizə yaxınlaşan ermənilər Azərbaycan əsgərinin qəfil atəşindən sarsılsalar da, səngərlərdə döyüş növbətçiliyi aparan əsgərlərimizi atəşə tutdular. Onların bu hərəkətinə digər erməni mövqelərindən də atəş dəstəyi verildi. Təxminən dörd saata qədər atışma getdi. Xeyli itki verən düşmən geri çəkilməyə məcbur oldu. Beləliklə, onlar öz istəklərinə çata bilmədilər, ən başlıcası isə düşmənin məkrli planı baş tutmadı. Biz heç bir tələfat vermədik, çox şükür ki, yaralanan da olmadı. Hadisə yerinə hərbi hissə komandiri, yuxarı komandanlıqdan digər zabitlər də gəldilər”.

Düşmənin basqın etdiyi döyüş postlarında fərqlənmiş əsgər Mirzəbi Ağayev deyib ki, düşmən bir daha Azərbaycan döyüşçüsünün gücünə bələd olub və növbəti dəfə acı dərs alıb: “Biz öz torpaqlarımızın keşiyində dayanmışıq. Qarşıdakı torpaqlar da bizimdir. Düşmən təxribatlarının, hücumlarının qarşısını almağa həmişə hazırıq. İnşallah, işğal altındakı torpaqları da düşməndən təmizləyəcəyik. Xoş haldır ki, bu döyüşdə bölmələrimiz heç bir itki vermədi. Düşmən bir daha Azərbaycan döyüşçüsünün gücünə bələd oldu və növbəti dəfə acı dərs aldı. Eyni zamanda uğurlu döyüş əsgərlərimizin özünə inamını daha da artırdı, bölmələrimizin gücünə güc qatdı”.

Xatırladaq ki, Müdafiə Nazirliyinin martın 19-da yaydığı məlumata görə, cəbhədə baş vermiş toqquşma nəticəsində müdafiənin ön xəttində yerləşən Azərbaycan ordusunun əsgər və zabitləri düşmənə ağır zərbə vuraraq onların 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR