Bank Of Baku

ITFC: Orta Dəhliz Azərbaycanın regional ticarət mərkəzi kimi rolunu gücləndirir - MÜSAHİBƏ

Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) Türkiyə və MDB ölkələri üzrə ticarətin maliyyələşdirilməsi idarəsinin baş meneceri Ənvər Niqmatov

© APA | Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) Türkiyə və MDB ölkələri üzrə ticarətin maliyyələşdirilməsi idarəsinin baş meneceri Ənvər Niqmatov

# 19 iyun 2026 15:03 (UTC +04:00)

Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) Türkiyə və MDB ölkələri üzrə ticarətin maliyyələşdirilməsi idarəsinin baş meneceri Ənvər Niqmatovun "APA-Economics"ə müsahibəsi

- 2026-cı ildən etibarən İslam İnkişaf Bankı Qrupunun dəstəyi ilə Azərbaycanda İslam maliyyə alətlərinin tətbiqi istiqamətində praktik addımlar atılıb. Bir neçə bank artıq xüsusi tənzimləyici sınaq rejimi çərçivəsində "Mürabəhə" və "Müdarəbə" məhsullarını təklif etməyə başlayıb. Siz bu prosesi necə qiymətləndirirsiniz? İndiyədək daxil olan müraciətlərin sayı, maliyyələşdirilən layihələrin kəmiyyəti və ayrılan vəsaitin ümumi həcmi barədə məlumat verə bilərsinizmi? Bazarın tələbatı sizin gözləntilərinizi doğruldubmu?

- Xüsusi tənzimləyici sınaq rejimi vasitəsilə İslam maliyyə alətlərinin dövriyyəyə buraxılması olduqca müsbət və praqmatik bir addımdır. Bu yanaşma hökumətin və Mərkəzi Bankın sağlam ekosistem formalaşdırmaq əzmini aydın şəkildə nümayiş etdirir. Hazırkı mərhələdə bazar hələ yeni formalaşmaqdadır, bu səbəbdən müraciətlər və maliyyələşmə həcmləri barədə ümumiləşdirilmiş məlumatlar məhdud olaraq qalır. Bununla belə, İslam İnkişaf Bankı Qrupunun ticarətin maliyyələşdirilməsi üzrə qolu olan ITFC olaraq, biz həm bankların, həm də korporativ müştərilərin xüsusilə "Mürabəhə" əsaslı ticarətin maliyyələşdirilməsinə olan marağının artdığını müşahidə edirik. Tələbat səviyyəsi, ümumilikdə, ilkin inkişaf mərhələsində olan bir bazar üçün mövcud gözləntilərlə uzlaşır. İndi əsas diqqət sınaq xarakterli əməliyyatların miqyasının genişləndirilməsinə, şəriət idarəçiliyinin gücləndirilməsinə və institusional potensialın artırılmasına yönəldilməlidir. Bu xüsusda, ITFC ixrac potensialını artırmaq, transsərhəd və regional ticarəti dəstəkləmək, eləcə də İslam maliyyəsini təşviq etmək məqsədilə Ticarətin İnkişafı təşəbbüslərini və proqramlarını hazırlayıb həyata keçirir.

- Yaxın 3–5 il ərzində İslam maliyyə məhsullarının Azərbaycanın bank sektorunda potensial xüsusi çəkisi nə qədər ola bilər? Bazarın inkişaf potensialı və gələcək inkişaf perspektivləri ilə bağlı gözləntiləriniz nələrdən ibarətdir?

- Qənaətimizcə, orta perspektivdə Azərbaycanda İslam maliyyəsi böyümə potensialına malik ilkin inkişaf mərhələsindədir. Artım dinamikası normativ-hüquqi bazanın inkişafından, likvidlik alətlərindən və bankların iştirak səviyyəsindən asılı olacaq. İslam maliyyəsi (şəriət prinsiplərinə uyğun) strukturları ilə uyğunluğunu nəzərə alaraq, ticarətin maliyyələşdirilməsinin bazara əsas daxilolma nöqtəsi olması ehtimal edilir. Biz həmçinin kiçik və orta sahibkarlıq subyektləri və transsərhəd ticarət iştirakçıları tərəfindən tələbatın artacağını gözləyirik. Zaman keçdikcə bazarın "sukuk" və digər investisiya məhsullarını da əhatə edəcək şəkildə genişlənməsi mümkündür. Ümumi inkişaf trayektoriyası ümidvericidir, lakin bu proses tədricən baş tutacaq və bazarın diktə etdiyi şərtlərə uyğun cərəyan edəcək.

- ITFC bu günə qədər Azərbaycana 103 milyon ABŞ dolları məbləğində maliyyə vəsaiti ayırıb. Yaxın illərdə ITFC-nin ölkə üzrə portfelinin genişləndirilməsi ilə bağlı planlarınız nələrdən ibarətdir? Digər yerli banklarla tərəfdaşlıq əlaqələrinin qurulması və ya yeni maliyyə xətlərinin açılması istiqamətində hər hansı danışıqlar aparılırmı?

- ITFC Azərbaycandakı fəaliyyət dairəsini hazırkı ~103 milyon ABŞ dolları həddindən daha da genişləndirmək əzmindədir. Yanaşmamız ticarətin maliyyələşdirilməsi xətləri vasitəsilə yerli banklarla tərəfdaşlıq əsasında fəaliyyət miqyasımızı artırmaqdan ibarətdir. Yaxın zamanlarda özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə iki yerli bankla müqavilələr imzalamışıq. Həmçinin dövlət və kvazidövlət (dövlət müəssisələri) qurumlarının ticarət və dövriyyə kapitalı ehtiyaclarını təmin etmək üçün onlarla yeni əməkdaşlıq imkanlarını fəal şəkildə nəzərdən keçiririk. Bundan əlavə, sindikatlaşdırılmış maliyyə xətlərinin və birgə maliyyələşdirmə mexanizmlərinin təşkili potensialı da mövcuddur. Bununla paralel olaraq, ITFC ticarətin maliyyələşdirilməsini ticarətin inkişafı tədbirləri ilə inteqrasiya edir. İqtisadi diversifikasiyanı və kiçik və orta sahibkarlıq subyektlərinin inkişafını dəstəkləyən sektorlara prioritet veriləcək. Danışıqlar hazırda davam etdirilir və yaxın illərdə ticarətin maliyyələşdirilməsi fəaliyyətlərimizin tədricən genişlənməsini gözləyirik.

- 2023-cü ildə ITFC Azərbaycanda iqtisadi inkişafa, enerji təhlükəsizliyinə və infrastruktur layihələrinə dəstək imkanlarını nəzərdən keçirdiyini bəyan edib. Ötən üç il ərzində hansı nəzərəçarpan nəticələr əldə edilib? Hazırda Azərbaycanda hansı sektorları və layihələri prioritet hesab edirsiniz?

- Ötən üç il ərzində ITFC ticarətin asanlaşdırılması və potensialın artırılması istiqamətində Ticarətin İnkişafı Təşəbbüslərini hazırlamağa və icra etməyə davam edib. Buna nümunə olaraq, regionda daxili ticarəti dəstəkləmək məqsədilə ITFC tərəfindən irəli sürülmüş "Trade Connect Central Asia+" (TCCA+) Təşəbbüsü çərçivəsində Korporasiya MDB ölkələri və Azərbaycanda Birbaşa Xarici İnvestisiyalar (BXİ) hesabına İxracın Təşviqi layihəsinə başlamaq üçün BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) ilə tərəfdaşlıq qurub.

Biz həmçinin özəl sektorun maliyyə resurslarına çıxışını və regional ticarət inteqrasiyası səylərini dəstəkləmişik. ITFC-nin qlobal yanaşmasına uyğun olaraq, ərzaq təhlükəsizliyi, energetika və kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı əsas prioritet sektorlar olaraq qalmaqdadır. Ticarətyönümlü infrastruktur və logistika sahələri də artan əhəmiyyət kəsb edir. Əsas diqqət maliyyələşdirmənin texniki yardımla əlaqələndirilməsinə yönəldilib. Bu kompleks yanaşma təkcə əməliyyatların icrası ilə məhdudlaşmır, həm də dayanıqlı təsirin yaradılmasını təmin edir. Gələcək fəaliyyətində ITFC ticarətə təkan verən sektorlarda iştirakını daha da dərinləşdirəcək.

- Azərbaycan qeyri-neft ixracını artırmaq, Orta Dəhlizi inkişaf etdirmək və regional logistika qovşağı kimi mövqeyini möhkəmləndirmək istiqamətində fəal iş aparır. ITFC bu proseslərdə Azərbaycanın rolunu necə qiymətləndirir və siz yaxın illərdə hansı yeni əməkdaşlıq istiqamətlərinin meydana çıxacağını düşünürsünüz?

- Azərbaycan Orta Dəhliz çərçivəsində Asiya ilə Avropa arasında tranzit qapısı kimi strateji bir rol oynayır. Ölkənin logistika və nəqliyyat infrastrukturuna yatırdığı investisiyalar onu regional ticarət mərkəzi kimi xarakterizə edir.
ITFC bu marşrut boyu ticarət dövriyyələrini, dəyər zəncirlərini və kiçik və orta sahibkarlıq subyektlərinin iştirakını dəstəkləmək üçün güclü potensialın mövcudluğunu görür.
Karbohidrogen ehtiyatlarından əlavə, logistik xidmətlər, aqro-emal və yüngül sənaye kimi sahələrdə də mühüm imkanlar mövcuddur. ITFC ticarətin maliyyələşdirilməsi, potensialın gücləndirilməsi və "Trade Connect Central Asia+" təşəbbüsü kimi regional proqramlar vasitəsilə bu istiqamətlərə dəstək göstərir.
Gələcək əməkdaşlığın, böyük ehtimalla, infrastrukturun real ticarət əməliyyatları ilə əlaqələndirilməsinə fokuslanacağı gözlənilir.

- ITFC nümayəndələri əvvəllər Azərbaycanda dövlət tərəfindən dəstəklənən genişmiqyaslı ticarətin maliyyələşdirilməsi proqramlarının dəstəklənməsi imkanlarını qeyd ediblər. Hazırda bu istiqamətdə nəzərdən keçirilən konkret layihələr, müzakirələr və ya təşəbbüslər mövcuddurmu?

- ITFC Azərbaycanda genişmiqyaslı ticarətin maliyyələşdirilməsi mexanizmləri üzrə maraqlı tərəflərlə qarşılıqlı əlaqələrini davam etdirir. Rəsmi olaraq, hər hansı konkret proqram bəyan edilməsə də, bu istiqamətdə müzakirələr aparılır.
Potensial modellərə dövlət dəstəkli və ya suveren zəmanətli, eləcə də bankların vasitəçiliyi ilə həyata keçirilən ticarətin maliyyələşdirilməsi alətləri daxildir. Bu alətlər strateji idxal-ixrac əməliyyatlarını və ya prioritet sektorları dəstəkləyə bilər. ITFC-nin üstünlüyü layihələrin strukturlaşdırılması, sindikatlaşdırılması və xarici kapitalın cəlb edilməsi imkanlarındadır. Risklərin azaldılmasına yönəlmiş həllər təqdim etmək məqsədilə biz həmçinin İİB Qrupunun tərkibinə daxil olan qurumlarla sıx əməkdaşlıq edirik. Əsas hədəf özəl sektorun iştirakını genişləndirməyə imkan verən miqyaslana bilən platformaların yaradılmasıdır.

- Kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi ITFC-nin Azərbaycandakı strateji prioritetlərindən biridir. Hazırda Azərbaycanın kiçik və orta sahibkarlıq subyektləri ticarətin maliyyələşdirilməsinə çıxışda hansı əsas çağırışlarla üzləşirlər? Kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dəstəyi genişləndirmək üçün ITFC hansı yeni alətlər və ya proqramlar hazırlayır və siz yerli tərəfdaş banklar vasitəsilə maliyyələşdirmə həcmlərini artırmağı planlaşdırırsınızmı?

- Azərbaycanda kiçik və orta sahibkarlıq subyektləri xarakterik problemlərlə üzləşirlər: girov təminatının məhdudluğu, müraciətlərə imtina faizinin yüksək olması və ticarətin maliyyələşdirilməsinə çıxışın məhdudluğu. Qlobal miqyasda kiçik və orta sahibkarlıq subyektlərinin ticarətin maliyyələşdirilməsi üzrə müraciətlərinə verilən imtina göstəricisi 50%-i keçə bilər.
Əlavə məhdudlaşdırıcı amillərə beynəlxalq dəyər zəncirlərinə zəif inteqrasiya və maliyyə savadlılığının aşağı səviyyədə olması daxildir. ITFC yerli banklara maliyyələşdirmə xətləri ayırmaqla bu problemlərin həllinə kömək edir və beləliklə, həmin vəsaitlərin kiçik və orta sahibkarlıq subyektlərinə yenidən kreditləşdirilməsinə imkan yaradır. Biz həmçinin risklərin bölüşdürülməsi, akkreditivlərin təsdiqi və potensialın inkişafı proqramlarını təmin edirik.
Ticarətin inkişafı təşəbbüsləri kiçik və orta sahibkarlıq subyektlərinə ixraca hazırlıq səviyyəsini və rəqabət qabiliyyətini artırmağa yardım göstərir.
Gələcək fəaliyyətində ITFC tərəfdaş banklar vasitəsilə maliyyələşdirmə həcmlərini artırmağı və daha uyğunlaşdırılmış alətlər tətbiq etməyi planlaşdırır. Əsas məqsəd kiçik və orta sahibkarlıq subyektlərinin regional və qlobal ticarət ekosistemlərinə inteqrasiya olunmasını təmin etməkdir.

2024-cü ildən etibarən ITFC Azərbaycanda maliyyələşdirmə xətti biznesini yenidən aktivləşdirib və bu çərçivədə özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinin ticarətin maliyyələşdirilməsi ehtiyaclarını dəstəkləmək məqsədilə iki yerli bankla tərəfdaşlıq əlaqələri qurulub. Kiçik və orta sahibkarlıq subyektlərinin ticarətin maliyyələşdirilməsi həllərinə çıxışını təmin etmək məqsədilə ITFC "Rabitəbank" ASC-yə 10 milyon ABŞ dolları və "TuranBank" ASC-yə 10 milyon ABŞ dolları həcmində vəsait ayırıb. Digər yerli banklarla əməkdaşlıq çərçivəsində kiçik və orta sahibkarlıq subyektlərinə yönəlmiş maliyyələşdirmənin həcmini artırmağı planlaşdırırıq ki, bunun da Azərbaycanda ticarət axınlarını daha da stimullaşdıracağı gözlənilir.

Foto – İlkin Nəbiyev © APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR