Təhsil Nazirliyi TQDK-nın IV sinif dərslikləri ilə bağlı yekun rəyinə rəsmi cavab göndərib

Təhsil Nazirliyi TQDK-nın IV sinif dərslikləri ilə bağlı yekun rəyinə rəsmi cavab göndərib
# 12 aprel 2013 10:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən monitorinqi aparılan və bu qurumun Ekspert Şurasının IV siniflər üçün “Azərbaycan dili”, “Riyaziyyat” və “Həyat bilgisi” dərsliklərinə dair yekun rəyinə rəsmi cavab göndərib.

Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı APA-ya bildirib ki, Təhsil Nazirliyinin göndərdiyi cavabda IV sinif üzrə 13 dərsliyə rəy verilib. Cavablar 2 sütunda qeyd olunub. Belə ki, birinci hissədə TQDK-nın qeydləri, ikinci hissədə isə nazirliyin ona cavabı qeyd olunub.

Qeyd edək ki, bir müddət öncə TQDK respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün 3 dərsliyin - “Azərbaycan dili”, “Riyaziyyat” və “Həyat bilgisi” dərsliklərinin tədrisdə istifadəsini məqsədəuyğun hesab etməyib. Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün “Azərbaycan dili” dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və seminarlarda müzakirələr nəticəsində bildirilmiş irad, təklif və qeydlər nəzərə alınmaqla formalaşmış yekun rəyi əsas tutaraq ekspert şurası qərara alıb ki, “Azərbaycan dili 4” dərsliyinin (müəlliflər: R.İsmayılov, S.Abdullayeva, D.Cəfərova, X.Qasımova) respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilmir və dərslik yenidən hazırlanmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR