“İxtisas seçimi taleyüklü prosesdir”.
APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, qəbul imtahanlarında 74438 nəfər iştirak edib.
"İxtisas seçimi ilə bağlı “Abituriyent” jurnalının iki sayı çap edilib. Mənə deyirlər ki, keçid balları qalxıb, yerlər azalıb. Başa düşməlidirlər ki, konkret keçid balının əvvəlcədən bilinməsi yalandır. Bu, yalnız imtahanın nəticəsindən asılıdır. Hər bir şəxs iki imtahanda iştirak edibsə, iki nəticəsi var. Onlardan ən yüksəyini seçməlidir. İxtisas yerləri və keçən ilki keçid balları məlumdur. Hər kəs diqqətli olmalıdır ki, problemi yaranmasın”, - deyə o bildirib.
Şura sədri əlavə edib ki, abituriyentin topladığı bal əsas meyardır: “Hamımız istəyirik ki, qəbul prosesində ədalətli qərar qəbul olunsun. Bu, hər bir şəxsin imtahandan topladığı bala görə olmalıdır. Təəssüf ki, valideynlər ədalətli qərar onu hesab edirlər ki, ailənin sosial şəraitini nəzərə alaq. Biz bunu nəzərə alıb yerləşdirmə aparar bilmərik. Ədalət meyarı toplanan baldır”.