Azərbaycanda leysan yağışlar nəticəsində bəzi çaylarda artım qeydə alınıb

Azərbaycanda leysan yağışlar nəticəsində bəzi çaylarda artım qeydə alınıb
# 03 oktyabr 2014 12:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ötən gün ərzində yağan yağışların Lənkəran-Astara bölgəsində leysan xarakterli intensiv olması nəticəsində Lənkərançay-Lənkəranda 66, Lənkərançay-Sifidorda 50, Vəşərüçay-Daştatükdə 41, Viləşçay-Şıxlarda isə 48 sm artım qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA - ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-120, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 100-190 faizini təşkil edir.

Oktyabrın 3-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 180 m3/s olmaqla, ongünlük normanın 111 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm 105 m3/s olmaqla, ongünlük normanın 65 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 16 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla, ongünlük normanın 70 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici 96 m3/s təşkil edərək ongünlük normanın 100 faizinə bərabər olub.

Oktyabrın 3-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Şirvanda 8, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma, Bankədə 25 sm artım qeydə alınıb, Kür çayının Surra və Salyan məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 297 sm, Şirvanda 141 sm, Salyanda 95 sm, Bankədə 196 sm, Araz çayının Novruzlu məntəqəsində isə 18 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR