Əmək və əhalinin sosial müdafiəsi naziri İndoneziya, Bruney və Mavritaniya nazirləri ilə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri İndoneziya, Bruney və Mavritaniya nazirləri ilə görüşüb
# 25 aprel 2013 14:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin Bakıda keçiriləcək ikinci konfransında iştirak etmək üçün Bakıda səfərdə olan İndoneziyanın işçi qüvvəsi və köçürülmə naziri Mühamin İskəndər ilə görüşüb.

APA-nın xəbərinə görə, indoneziyalı qonaq görüş çərçivəsində bildirib ki, 250 milyon əhalisi olan İndoneziya ən böyük İslam ölkələrindən biridir. Onun sözlərinə görə, ölkəsinin inkişafı üçün hər zaman Azərbaycan və digər İslam ölkələrinin köməyinə ehtiyacı var.

Nazir Fizuli Ələkbərov da görüşdə Azərbaycanda əmək və əhalinin sosial müdafiəsi sahəsində görülən işlərdən danışıb. O, Azərbaycanın da İndoneziya və digər ölkələrlə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

Daha sonra nazir Fizuli Ələkbərov Bruney Sülh Dövlətinin daxili işlər naziri Pehin Dato Ustaz Hacı və Mavritaniya İslam Respublikasının İctimai xidmət, əmək və idarəetmənin müasirləşdirilməsi naziri Amati Bint Həmədi ilə görüşüb. Hər 3 ölkənin naziri görüşdə İƏT-in Azərbaycanda yeni qurumunun yaradılmasına dəstək verdiklərini deyiblər. Onlar İslam Əməkdaşlıq Təşkilatı tərəfindən üzv ölkələrin bir çox sahələrdə olduğu kimi, əmək və məşğulluq sahəsində də əməkdaşlığın gücləndirilməsinə verdiyi dəstək yüksək qiymətləndirilib. Görüşlərdə eyni zamanda qeyd olunan ölkələrlə Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq perspektivləri də nəzərdən keçirilib.

Qeyd olunub ki, İƏT-ə üzv ölkələrin əmək nazirlərinin Bakıda keçirilən ikinci konfransı bu ölkələrdə inkişaf və tərəqqinin təmin olunması, o cümlədən sosial rifah naminə fəal siyasətlərin hazırlanıb həyata keçirilməsi sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsində mühüm önəm kəsb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR