Obama Dallasda baş verənləri planlaşdırılmış hadisə adlandırıb

Obama Dallasda baş verənləri planlaşdırılmış hadisə adlandırıb
# 08 iyul 2016 15:06 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Amerika Dallasda baş verən atışma ilə bağlı dəhşət içərisindədir”.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ prezidenti Barak Obama deyib. O, baş vermiş hadisəni heç bir bəhanəsi olmayan planlaşdırılmış, dəhşətli və alçaq hücum adlandırıb: “Hər bir amerikalı adından deyə bilərəm ki, biz bu hadisələrdən dəhşətə gəlmişik. Dallas əhalisi və polis departamentinə başsağlığı veririk”.

Prezident qeyd edib ki, polislərin qətlinin araşdırılmasına Federal Təhqiqatlar Bürosu da cəlb olunub.

Qeyd edək ki, Dallas şəhərində baş vermiş hadisələrə görə məsuliyyəti “Black Power” (“Qara güc”) qruplaşması öz üzərinə götürüb. Qrupun “Facebook” səhifəsində bildirilib ki, snayperlər 5 polisi öldürüb və bu addımlar davam etdiriləcək.

Xatırladaq ki, iyulun 8-nə keçən gecə Dallasda zorakılıq hallarına qarşı baş verən aksiya zamanı bir qrup şəxs 11 polis əməkdaşına atəş açıb. Polislərdən 5-i ölüb, digərləri yaralanıb. Hadisə ilə bağlı 4 şübhəli şəxs zərərsizləşdirilib.

Aksiyalar iki qaradərilinin polis tərəfindən öldürülməsinə etiraz olaraq keçirilir. İyulun 6-da Minnesota ştatında sənəd yoxlamaq məqsədilə avtomobili saxlayan polis əməkdaşı sükan arxasındakı 32 yaşlı qaradərili Filando Kastilə atəş açaraq onu öldürüb. Olayın videosu sosial şəbəkələrdə yayılıb və əhali arasında kəskin etiraza səbəb olub. Digər analoji hadisə isə Luiziana ştatında baş verib. Burada asayiş keşikçiləri qaradərili Alton Sterlinqə atəş açaraq onu öldürüblər. İnsident Baton Ruj şəhərində iyulun 5-nə keçən gecə baş verib. Bu hadisənin də əks olunduğu video sosial şəbəkələrdə yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR