Azərbaycan banklarının hazırda kreditləşməyə yönəldə biləcəyi 4,6 milyard manat sərbəst vəsaiti mövcuddur. Yəni, Azərbaycanda kreditləşmənin artması üçün kreditlərə tələbin yüksəlməsinə ehtiyac var.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov pul siyasəti qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırkı şəraitdə kreditləşmənin genişlənməsi üçün yalnız kredit faizlərinin aşağı salınması deyil, tələbin artması da əhəmiyyətlidir.
AMB sədri sentyabrda faiz dəhlizinin aşağı həddinin endirilməsinin nəticələrini tam qiymətləndirmək üçün hələ tez olduğunu qeyd edib. Bununla belə, banklararası bazarda fəallaşmanın müşahidə olunduğunu bildirib.
Taleh Kazımovun sözlərinə görə, qərarın məqsədi banklararası bazarda fəallığı artırmaq və Mərkəzi Bankın bazarda iştirakını azaltmaqdır. O, bu prosesdə AZIR göstəricisindəki dəyişkənliyi müvəqqəti hal kimi qiymətləndirib.