Azərbaycan prezidenti Nəsimi rayonundakı 1 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub

Azərbaycan prezidenti Nəsimi rayonundakı 1 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub
# 08 noyabr 2012 16:06 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Bakının Nəsimi rayonundakı 1 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. APA-nın məlumatına görə, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın Nəsimi rayonundakı 1 nömrəli tam orta məktəb əsaslı şəkildə yenidən qurulub.

Prezident İlham Əliyev əvvəlcə məktəbin təmirdən əvvəlki və yenidənqurma işlərindən sonrakı vəziyyətini əks etdirən fotostendə baxıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. İki mərtəbədən ibarət olan məktəbin binası 1870-ci ildə inşa olunub. Bina 1897-ci ildə Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən alınaraq yenidən inşa olunub və qızlar gimnaziyası kimi fəaliyyət göstərib. Hazırda 24 sinif otağından ibarət məktəbdə 700 şagird təhsil alır. Dərslər iki növbədə keçirilir.

Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə yaxından tanış olub.
Məktəbin müxtəlif fənn kabinələri və laboratoriyaları tədris üçün lazım olan bütün əyani vasitələr və avadanlıqla təchiz edilib. İnformatika sinfində ən müasir kompyuter dəstləri quraşdırılıb. Akt zalı və kitabxana müasir standartlar səviyyəsində təmir edilib. Məktəbdə əlavə 10 sinif otağının inşa olunacağı da nəzərdə tutulur. Tədris ocağının ətraf ərazisində də abadlıq və quruculuq işləri həyata keçirilib.
Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR