Göygöl və Şəkidə sahibkarlar üçün treninqlər keçirilib

Göygöl və Şəkidə sahibkarlar üçün treninqlər keçirilib
# 14 fevral 2013 15:21 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Göygöl rayonunda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə «Göygöl rayonunda turizmin inkişaf perspektivləri» və «Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları» mövzularında treninqlər keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə turizm obyektlərində xidmətlərin beynəlxalq standartlara uyğun təşkili üçün kadrların peşə hazırlığının artırılması, praktiki əmək vərdişlərinin formalaşdırılması, tanınmış turizm şirkətlərinin təcrübəsinin öyrənilməsinin zəruriliyi qeyd olunmuş, xidmətlərin müasir tələblərə uyğun təşkili, kənd turizminin formalaşdırılması və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə həmçinin Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Avropa İttifaqının «Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+» Proqramı («GSP+») və onun biznes üçün əhəmiyyəti barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Həmin gün Şəki şəhərində Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar üçün «Biznes-planların və investisiya layihələrinin hazırlanması» mövzusunda treninq keçirilib.

Tədbirdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib, «Biznes planların və investisiya layihələrinin hazırlanması» mövzusunda təqdimat keçirilib.

Treninqlərdə həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, onlardan istifadə qaydaları və s. barədə məlumat da iştirakçıların diqqətinə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR