«PAŞA Həyat Sığorta» şirkətinin strukturunda risklərin idarə edilməsi şöbəsi yaradılıb

«PAŞA Həyat Sığorta» şirkətinin strukturunda risklərin idarə edilməsi şöbəsi yaradılıb
# 06 noyabr 2012 13:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «PAŞA Həyat Sığorta» şirkəti ölkə sığorta bazarında ilk dəfə olaraq strateji, maliyyə, əməliyyat və digər risklərin idarə edilməsi məqsədilə struktur bölməsi yaradıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, risklərin idarə edilməsi şöbəsi tərəfindən beynəlxalq təcrübəyə əsaslanan mühüm layihələrin həyata keçirilməsi üçün lazımi işlər görülür.
Qeyd edək ki, «PAŞA Həyat Sığorta» şirkəti hələ 2011-ci ildən ISO 31000:2009 (Risk management: Principles and Guidelines on Implementation) beynəlxalq standartlarının tətbiqi prosesinə start verib. Şirkətin korporativ dəyərləri sırasında maliyyə dayanıqlığının prioritet təşkil etməsi risklərin idarə edilməsinin əhəmiyyətini daha da artırır.
Risklərin idarə edilməsi şöbəsinin müdiri Pərviz Quliyevin sözlərinə görə, istənilən biznesdə strateji hədəflərə çatmaq üçün daxili nəzarət sisteminin beynəlxalq aləmdə qəbul olunmuş standartlara uyğun yaradılması və bu sahədə uğur qazanmış aparıcı dövlətlərin təcrübəsindən istifadə olunması vacibdir. «Belə ki, ABŞ və Böyük Britaniya kimi ölkələrdə «Sarbeyns-Oksli» qanunu (2002), «Cadbury Report» (1991), «Greenbury Code» (1995), «Combined Code» (1998-2003), «Turnbull Report» (1999) qəbilindən daxili nəzarət sisteminin rolunu gücləndirən və səlahiyyətlərini genişləndirən müxtəlif normativ sənədlər qəbul edilib və uğurla tətbiq olunub. Həmin sənədləri baza qəbul etməklə şirkətdə effektiv daxili nəzarət sistemi modeli işlənib hazırlanır. Ümid edirik ki, «PAŞA Həyat Sığorta» şirkəti qabaqcıl təcrübənin tətbiq olunmasında bundan sonra da digər sığorta şirkətləri üçün nümunə olacaq», - deyə şöbə müdiri bildirib.

Qeyd edək ki, «PAŞA Həyat Sığorta» şirkəti 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Cari ilin oktyabrın 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 11,148 mln. manat, sığorta ödənişləri 86,253 min manat, mənfəəti isə 5,795 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR