Səməd Seyidov: “AŞPA Monitorinq Komitəsi üzvləri ermənilərin Ramil Səfərov məsələsini gündəmə gətirmək cəhdlərinə qarşı çıxdılar” - MÜSAHİBƏ

Səməd Seyidov: “AŞPA Monitorinq Komitəsi üzvləri ermənilərin Ramil Səfərov məsələsini gündəmə gətirmək cəhdlərinə qarşı çıxdılar” - <font color=red>MÜSAHİBƏ</font>
# 04 sentyabr 2012 20:12 (UTC +04:00)
Bakı. Tahir Balıyev-APA. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidovun APA-ya müsahibəsi

- Bu gün Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsində Azərbaycan üzrə həmmməruzəçilərin hazırladığı məruzə təqdim olunub. Müzakirələr necə keçdi?

- Bu gün Monitorinq Komitəsinin iclası keçirildi. İclasda Azərbaycanla bağlı hazırlanmış məruzənin ilkin variantı təqdim edildi və müzakirə olundu. Azərbaycan tərəfi 3 ay müddətində bu məruzəyə münasibətini bildirməlidir. Azərbaycan tərəfi məruzə ilə bir neçə gün əvvəl tanış olmaq imkanı əldə etmişdi. Onu təhlil edərkən görürük ki, bəzi məsələlər məruzədə reallığı əks etdirməklə yanaşı bəzi məsələlər hələ dəqiqləşməlidir. Ancaq ümumi şəkildə məruzə balanslaşdırılmış şəkildə hazırlanıb. Bu məruzə xüsusilə ona görə əhəmiyyətli və qiymətlidir ki, onun içərisində böyük bir hissə Dağlıq Qarabağ probleminə həsr olunub. Əlbəttə burda Azərbaycan tərəfinin təkidi də rol oynayıb. Çünki Dağlıq Qarabağ məsələsi Azərbaycanın öhdəliklərindən biridir, bu bizim üçün prioritet məsələdir. Məruzədə geniş şəkildə Azərbaycanın regiondakı roluna, inkişafına, o cümlədən insan haqları ilə bağlı problemlərə toxunulub. Məruzənin bugünkü müzakirəsi müsbət, konstruktiv ab-havada keçib.

- Müzakirələr zamanı Azərbaycan zabiti Ramil Səfərovun ekstradisiyası və əfvi ilə bağlı məsələ qaldırıldımı?

- Əlbəttə, müzakirələr zamanı erməni tərəfi regionda baş vermiş sonuncu hadisələrə, Ramil Səfərovun ekstradisiyası ilə bağlı məsələni qaldırmağa cəhd etdi. Amma Monitorinq Komitəsindəki çıxışlarımızda mən və Elxan Süleymanov göstərdik ki, bu addımlar beynəlxalq hüququn, xüsusilə Avropa Şurasının məhbusların ekstradisiyasının həyata keçirilməsi ilə bağlı qəbul etdiyi konvensiyasının bütün bəndlərinə uyğun olaraq atılıb. Bu faktdır, bunun əksi ilə bağlı arqument gətirmək mümkün deyil. Bu məsələ ilə bağlı Ermənistanın müdaxilə edib, qışqır-bağır salması, manipulyasiya cəhdləri onların özünə problemlər yaradır. Bu səs-küylər bir daha Dağlıq Qarabağ məsələsini beynəlxalq icytimaiyyətin gündəminə gətirir. Ona görə də bu, bizim üçün vacibdir. Çünki hər dəfə bu məsələlər gündəliyə gəldikcə Dağlıq Qarabağ probleminə ciddi diqqət yönəlir, beynəlxalq ictimaiyyətdə “niyə bu hadisələr baş verib?” sualı yaranır. Bu məsələ Azərbaycan torpaqlarının işğal edilməsi, Azərbaycanda 1 milyon qaçqının mövcudluğu ilə bağlı baş verib. Məsələ gündəliyə gəldikcə bizim bunları söyləmək, insanların bir daha bu məsələri dərindən öyrənmək imkanları yaranır. Bu məsələlərə Avropa Şurasında da diqqət artır. Bu gün iclasda mən bir də qeyd elədim ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ ilə bağlı danışıqlarda qeyri-konstruktiv mövqe olduğu barədə məsələ qaldırır, lakin əslində Ermənistan özü Dağlıq Qarabağ üzrə komitənin işində iştirakdan imtina edir. Ermənistan erməni və azərbaycanlı icmaların Avropa Şurasında görüşünə əngəllər yaradır. Sözdə bir şey deyərək, real işdə tamamilə qeyri-konstruktiv mövqe nümayiş etdirir.

- Monitorinq Komitəsinin digər üzvlərinin məsələyə münasibəti necə oldu?

- Monitorinq Komitəsindəki çıxışlarda birmənalı vurğulandı ki, Ermənistanın əslində sözü ilə əməli uyğun gəlmir. Bu çox vacib məsələdir. Beynəlxalq ictimaiyyət Azərbaycan tərəfinin son addımları haqqında danışarkən, bu addımların beynəlxalq hüquq çərçivəsində, xüsusilə Avropa Şurasının özünün qəbul etdiyi sənədlər əsasında atdığını vurğulayır. Hesab edirəm ki, Ermənistanın Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq üçün etdiyi növbəti cəhdlər uğursuz olacaq. Bu gün Monitorinq Komitəsində baş verənlər bunun əyani təsdiqi idi. Monitorinq Komitəsinin üzvləri Ermənistan təmsilçilərinin Ramil Səfərovla bağlı məsələni gündəmə gətirmək cəhdlərinə qarşı çıxdılar. Onlar bu məsələ ilə bağlı tamamilə yanlış məlumat vermək istəyən Ermənistan nümayəndə heyəti üzvlərinə öz etirazlarını bildirdilər. Erməni tərəfinə bildirildi ki, onlar faktiki olaraq Dağlıq Qarabağla bağlı komitənin iclasında iştirakdan imtina edirlər, Azərbaycan isə iclaslarda fəal təmsil olunur. Sentyabrın 6-da Şuranın İnsan haqları Komitəsinin iclasında da yəqin ki, bu məsələ qalxacaq. Orda bizim nümayəndə heyətindən Elxan Süleymanov və Rəfael Hüseynov iştirak edəcək. Orda da bir daha görünəcək ki, Azərbaycan beynəlxalq konvensiyaların nəinki bir bəndini, heç bir nöqtəsini də pozmayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR