Hacıbaba Bağırovun 80 illik yubileyi münasibəti ilə Musiqili Komediya Teatrında tamaşa nümayiş olunacaq

Hacıbaba Bağırovun 80 illik yubileyi münasibəti ilə Musiqili Komediya Teatrında tamaşa nümayiş olunacaq
# 11 iyun 2012 08:27 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Tanınmış aktyor, mərhum gülüş ustası Hacıbaba Bağırovun 80 illik yubileyidir. Musiqili Komediya Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 12-də, elə aktyorun doğum günündə teatrın kollektivi Fəxri Xiyabanda sənətkarın məzarını ziyarət edəcək. İyunun 18-də isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında sənətkarın 80 illik yubileyinə həsr olunmuş «www.ferzeli-kef.com» (E.Sabitoğlu, C.Məmmədov) tamaşası nümayiş olunacaq. Bu yeni tamaşada xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, tanınmış aktyorlar Novruz Qartal, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Gülnarə Əzizova, Nigar Qarayeva və başqaları çıxış edəcəklər. Xatırladaq ki, xalq artisti Hacıbaba Bağırov vaxtı ilə bu tamaşada Fərzəli obrazını ifa edib.

1974-cü ildə respublikanın əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adlarına layiq görülmüş aktyor 1989-cu ildən 1996-cı ilədək özünün yaratdığı «Tənqid-təbliğ» teatrının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. 1996-2006-cı illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub. 2001-ci ildə E.Sabitoğlu və T.Vəliyevanın «Bankir adaxlı» tamaşasına görə «Qızıl Dərviş» mükafatına layiq görülüb. Mərhum aktyor Azərbaycan kino və teatr sahəsində unudulmaz rollar oynayıb. Hacıbaba Bağırov 2006-cı il oktyabrın 6-da vəfat edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR