Ağsuda «Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır» mövzusunda konfrans keçirilib

Ağsuda «Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır» mövzusunda konfrans keçirilib
# 27 aprel 2012 11:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Ağsuda «Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır» mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Ağsu Rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 300-dən çox istehlakçı iştirak edib.

Konfransda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev Azərbaycan iqtisadiyyatının davalı inkişafı davam etdiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını, məşğulluğun artdığını vurğulayıb: «Bütün bunlar əhalinin artan tələbatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanının genişləndirilməsinə şərait yaratmaqla, istehlakçıların hüquqlarının daha etibarlı təmin olunmasını zəruri edir. İstehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, istehlakçılar öz hüquqlarını bilməli və onların fəal müdafiəçisi olmalıdır. Sahibkarlar isə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı vəzifələrinə əməl etməlidir».

V.Quliyev onu da bildirib ki, Dövlət Xidməti tərəfindən ötən il sahibkarlara və istehlakçılara 13 adda 160 min ədəd buklet paylanıb. Bu il də istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilib və təkcə yanvar-mart aylarında istehlakçıların maarifləndirilməsi məqsədilə 13 adda 18 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 6 adda minə yaxın yaddaş kitabçası çap edilərək sahibkarlara və istehlakçılara paylanıb.

«Dövlət Xidməti tərəfindən 2012-ci ilin yanvar-mart ayları ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 13,6 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib. İnzibati xətaya yol vermiş təsərrüfat subyektlərinə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 442,7 min manat cərimə tətbiq olunub. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol vermiş təsərrüfat subyektlərinə 20,4 min manat maliyyə sanksiyası tətbiq edilib», - deyə V.Quliyev bildirib.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları «İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr», «Hər bir istehlakçı öz hüquqlarını bilməlidir», «Ərzaq malları alarkən nələrə diqqət yetirməli» mövzularında məruzələrlə çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR